Keçmiş Ukrayna Silahlı Qüvvələri baş komandanı və hazırkı Böyük Britaniyadakı səfir Valeri Zalujni şəxsi söhbətlərində deyib ki, Ukrayna prezidenti seçilməsi halda, İsrail nümunəsini götürərək, müharibə dövrünün lideri olmağa üstünlük verərdi.
HİT.az xəbər verir ki, bunu Britaniyanın "The Guardian" qəzeti mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Zalujni özünü "müharibə dövrünün sərt lideri" kimi təqdim edərək, Ukrayna xalqına dövlətin xilası müqabilində "qan, tər və göz yaşı" vəd edib.
Zalujninin yaxınlığındakı mənbələr onun siyasi sistem nümunəsi kimi İsraili gördüyünü bildirir. Keçmiş baş komandan yəhudi dövlətini "düşmənlərlə əhatələnmiş və müdafiəyə tamamilə cəmləşmiş kiçik bir ölkə" kimi qiymətləndirir. Eyni zamanda, danışıq tərəflərinin qeyd etdiyinə görə, o, Ukrayna xalqının onun yanaşması ilə razılaşacağından şübhə edir.
"Bilmirəm, Ukrayna xalqı buna, bu sərt siyasətə hazır olacaqmı?", deyə "The Guardian" Zalujninin sözlərindən sitat gətirir.
Qəzet yazır ki, 2024-cü ilin noyabrında Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Zalujnını Volodimir Zelenskinin komandasına dəvət etsə də, rədd cavabı alıb. "The Guardian" qeyd edir ki, eyni zamanda, Zalujnı Rusiya ilə davam edən münaqişə zamanı Zelenskini tənqid etməyəcəyinə, həmçinin heç bir xoşagəlməz sürpriz təqdim etməyəcəyinə söz verməklə siyasi loyallığını nümayiş etdirib.
"Əgər siyasətə getmək qərarına gəlsəm, bu barədə şəxsən məndən ilk siz eşidəcəksiniz", deyə Zalujni Yermaka söz verib.
Bundan əvvəl isə amerikalı jurnalist Keyt Livinqston X ictimai şəbəkəsində Valeri Zalujninin gizli şəkildə Ukrayna prezidenti seçkilərinə hazırlaşdığı barədə məlumat yaymışdı. Onun məlumatına görə, onun qərargahı artıq Londonda fəaliyyət göstərir və işçi qəbulu aparılır. Lakin Zalujninin media məsləhətçisi Oksana Torop bu məlumatı təkzib edib. O, heç bir seçki qərargahından söhbət getmədiyini bildirərək, keçmiş Baş Komandanın Rusiya ilə münaqişə bitməmiş seçkilər barədə düşünməyəcəyini vurğulayıb.
Samir