"Təəssüf ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün nə zaman keçiriləcəyi və ya ümumiyyətlə belə bir görüşün baş tutub-tutmayacağına dair qəti bir qərar yoxdur".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, görüşün baş tutması halında Ukrayna böhranının həll istiqamətində müsbət qərarların qəbul olunma ehtimalı da olduqca aşağıdır:
"Kreml Donbasın tamamilə Rusiyanın nəzarətinə verilməsində və həmin ərazinin öz ərazisi olaraq tanınmasında israr edir. Ukrayna isə haqlı olaraq ərazi güzəştlərinin mümkünsüz olduğunu deyir. Əslində, bu, Ukrayna Konstitusiyasına görə də mümkünsüzdür".
Ekspert qeyd edib ki, son iki gün ərzində Ukrayna ordusunun Donetsk vilayətində uğurlu əks-hücumlar həyata keçirərək 3 yaşayış məntəqəsini azad etməsi özü də Rusiya tərəfinə Kiyevin bəzi ərazilərindən imtina etməyəcəyinə dair verilmiş mesaj kimi qəbul oluna bilər:
"Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp da keçirilməsi nəzərdə tutulan görüşdə özünün iştirak etməmə ehtimalının olduğunu deyib. Bu da əslində görüşün nəticəli ola biləcəyinə dair gözləntiləri azaldır. Çünki hər kəs razılaşar ki, tərəflərin razılığa gələ bilmə ehtimalı olardısa, Tramp mütləq həmin görüşdə iştirak edərdi və əldə olunan razılaşmanı da özünün uğuru olaraq açıqlayardı".
Politoloqun sözlərinə görə, hazırda təhlükəsizlik zəmanəti adı altında ayrı-ayrı ölkələrin Ukraynaya qoşunlarını yerləşdirə biləcəklərinə dair bəyanatlar, eləcə də Rusiya əleyhinə yeni sanksiyalarla bağlı məlumatlar da əslində Putini güzəştlərə məcbur etməyə hesablanıb:
"Buna nə qədər nail olunacağını təbii ki, zaman göstərəcək. Düşünürəm ki, Putin-Zelenski görüşü baş tutmayacağı və ya baş tutsa belə nəticəsiz başa çatacağı halda, ABŞ danışıqlar prosesindən çıxmaq haqqında qərar qəbul edəcək.
Ondan sonra isə silah və texnikanın NATO və Avropa İttifaqına satılması ilə Ukraynanın silahlandırılmasında dolayısı ilə iştirak edəcək. Eyni zamanda, uzun müddətdir vəd edilən sanksiyalarla bağlı da hansısa addımların atılması ehtimal oluna bilər".
Rəşad Bayramov fikirlərini belə yekunlaşdırıb:
"Kollektiv Qərbin verdiyi bəyanatlarda Ukraynaya uzaq mənzilli silahlar göndərməyə, Kiyevə maliyyə dəstəyini verməyə, adıçəkilən ölkənin ərazisində bu və ya digər şəkildə arxa cəbhəyə müvafiq qoşunların yerləşdirilməsini təmin etməyə çalışdığı görünür.
ABŞ da vəd edilən sanksiyaların təsdiq olunması istiqamətində addımlar atacaqsa, o zaman Rusiyanı zamanla bu və ya digər şəkildə hansısa güzəştlərə məcbur etmək mümkün olacaq. Ümumi olaraq hələ uzun müddət Rusiya və Ukrayna arasında müharibəyə şahidlik edəcəyimizi düşünürəm".
Pərviz