Fransa Prezidenti Emmanuel Makron hakimiyyətdən uzaqlaşdırıla bilər.
Belə ki, "Təslim olmayan Fransa" partiyası sentyabrın 23-də Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir. Onlar, daha əvvəl də Makrona qarşı impiçment prosedurunu başlatsalar da, hədəflərinə nail ola bilməmişdilər.
Ümumiyyətlə, Makronun bu formada vaxtından əvvəl hakimiyyətdən getmə ehtimalı nə dərəcədə realdır?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, Emmanuel Makron Prezident seçildikdən sonra həmişə onun hakimiyyətinə qarşı etirazlar olub:
"Biz Makrona qarşı bu etirazları həm ölkə daxilində, həm də Fransanın müstəmləkə siyasətini davam etdirdiyi yerlərdə görmüşük. Yəni ona qarşı etiraz hər zaman olub. Bu etirazlar daha çox ölkənin Emmanuel Makron administrasiyasının rəhbərliyi altında yürüdüyü daxili və xarici siyasətə qarşı yaşanır.
Daxili siyasətdə əsas narazılıq daha çox sosial sahədə mövcud qanunvericiliyin sərtləşdirilməsidir. Ölkədə Makron hakimiyyətə gəldikdən sonra küçələrə çıxan və indi də zaman-zaman etirazlar edən sarı jiletlilərin etirazlarının fonunda həmişə bu narazılığı müşahidə etmişik".
Ekspert Emmanuel Makronun vaxtından əvvəl hakimiyyətdən getmə ehtimalları barədə də danışıb:
"Əslində, bu bir neçə dəfə real müstəviyə çıxıb, amma baş verməyib. Çünki ümumiyyətlə Avropada ölkələr daxilində baş verən proseslərə kənar qüvvələr o qədər müdaxilə edə bilmirlər.
Məsələn, Şərq ölkələrində belə etirazlara və hakimiyyətlə insanlar arasında mövcud olan fikirlərlə Qərbdən bir sıra institutlar, hətta dövlətlər və güclər müdaxilə edirlər. Bu müdaxilə yekunda daha çox rejimlərin dəyişməsini gətirib çıxarır.
Ancaq Qərbdə baş verən bu proseslər Qərb dövlətləri tərəfindən bu şəkildə qarşılanmır. Üstəlik, Şərq ölkələri də buna müdaxilə edə bilmirlər. Bu baxımdan da, Makrona qarşı etirazların və həmlələrin ciddi nəticəsi olacağını zənn etmirəm".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Makron həm Fransa parlamentində, həm də Avropa parlamentində üstünlüyə sahibdir:
"Bu isə çox ciddi amildir. Hətta buna görə özünün əsas rəqiblərinə siyasi fəaliyyətin qadağan edilməsi ilə bağlı məhkəmə qərarının verilməsinə belə nail olub. Lakin buna qarşı nə Avropa ölkələrindən, nə beynəlxalq təşkilatlardan hər hansı bir ciddi reaksiya olmayıb. Ona görə də yenə də Makrona qarşı həmlələrin müsbət nəticə verəcəyini düşünmürəm".
Xəyal Bəşirov sözlərini fikirlərini belə yekunlaşdırıb:
"Hər bir halda, etiraz səsi yüksələn xalqın həm ölkə daxilində, həm də az Fransanın nəzarəti altında olan ayrı-ayrı, dənizaşırı ərazilərdə aksiyaları daha da güclənə bilər. Yalnız etirazlar çox güclənəcəyi təqdirdə, Makronun hakimiyyətdən getmə ehtimalı gündəmə gəlməsi mümkündür".
Pərviz