ABŞ prezidenti Donald Tramp “Daily Caller” qəzetinə müsahibəsində ABŞ-ın bir neçə ştatında ciddi psixi pozğunluğu olan insanlar üçün xəstəxanaların açılmasından danışıb.
HİT.az xəbər verir ki, cinayətkarlığı azaltmaq üçün nə etməyə hazır olduğunu soruşduqda, Amerika lideri uzun müddət bağlanmış ruhi xəstəxanaların yenidən açılmasını düşünə biləcəyini bildirib.
"Yaxşı, əvvəllər bu sığınacaqlar var idi və siz heç vaxt Nyu Yorkda belə ruhi xəstələri görmədiniz. Əvvəllər də belə idi. Nyu York və Kaliforniya kimi ştatlarda onların sayı çox idi", deyə Tramp qeyd edib.
O, əlavə edib ki, ruhi xəstəxanaları saxlamaq çox bahadır, ona görə də səlahiyyətlilər onları bağlayıb:
"Onların hamısını (ruhi xəstələri) cəmiyyətə buraxdılar, çünki onları saxlamağa imkanları yox idi. Bilirsiniz, bu, çox bahadır. Amma bizdə psixi xəstələr var, onlar Nyu Yorkun hər yerindədir. Yadımdadır, mən böyüyəndə Creedmoor adlı bir yer var, orada çoxlu idi".
Tramp bu qərarın ABŞ-ın böyük şəhərlərində kriminal vəziyyətə təsiri ilə bağlı müşahidələrini də bölüşüb. O, əmindir ki, psixi pozğunluğu olan insanlar cəmiyyət üçün çox təhlükəlidir. Dövlət başçısı qeyd edib ki, onlar 85 yaşa qədər kifayət qədər uzun ömür yaşaya bilirlər.
Samir