Putin-Zelenski görüşü nə üçün baş tutmur? - AÇIQLAMA

DÜNYA
11:39 / 03.09.2025
53

"Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi ABŞ lideri Donald Trampın hakimiyyət başına gəldiyi gündən aktual bir məsələdir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hətta Tramp seçildiyi gündən, yəni ötən ilin noyabrından bu məsələ ilə bağlı fikirlər səsləndirirdi və seçki öncəsi Ukrayna müharibəsini qısa müddət ərzində bitirəcəyi ilə bağlı vədlər verirdi:

"Ona uyğun da Zelenski və Putin arasında görüşün keçirilməsi ilə bağlı təşəbbüslər ortaya qoyulurdu. Ancaq altı aydan artıqdır ki, Tramp hakimiyyətdə olmasına baxmayaraq, dəyişən bir şey yoxdur. Sadəcə tərəflər nümayəndə heyətləri vasitəsilə bir neçə görüş keçiriblər. Bundan əlavə, Tramp Putin və Zelenski ilə özü görüşüb".

381040

Lakin ekspertin sözlərinə görə, bu görüşlər nəticəsində ciddi bir uğur əldə edilməyib:

"Əldə edilən uğur yalnız Amerika üçündür. O da Ukraynanın dəyərli və qiymətli metallarının ABŞ istismarına verilməsi ilə bağlı razılaşmanın imzalanması məsələsidir. Ümumiyyətlə, Donald Trampın bu istiqamətdə siyasəti və yürütdüyü diplomatiya uğursuzluqla nəticələnib. 

Amma Tramp və onun komandasında hələ də ümidlər var ki, onlar məsələnin həllinə nail olacaqlar. Dövlət başçıları səviyyəsində Rusiya-Ukrayna görüşünün keçirilməsi özü-özlüyündə artıq müşkül və həll olunmaz bir problemə çevrilib. Çünki tərəflər bir-birləri ilə görüşdən öncə elə tələblər ortaya qoyurlar ki, bu tələblərin icrası real görünmür". 

Ekspert qeyd edib ki, əvvəlki o şərtlərdə müəyyən dəyişikliklər olsa da, bu dəyişikliklər heç də hər iki tərəfin razılığına gələ biləcək səviyyədə olmur:
"Bu baxımdan, tərəflər görüş keçirmək istəmir. Burada Rusiya tərəfinin görüş keçirməməkdə əsas məqsədi nəzarət altına almaq istədiyi əraziləri tam ələ keçirməkdir. 

Ukrayna tərəfində isə görüşdən imtina etmək səbəbi olan addımlar daha çox Avropa liderlərinin təsiri altında atdıqları addımlardır. Ona görə ki, Avropa liderləri bu vəziyyətdə Rusiya ilə anlaşmadan yana deyillər. Onlar Rusiyanın daha çox zəiflədilməsinin və Ukrayna ərazilərindən mümkün qədər çıxarılmasının, uzaqlaşdırılmasının, bir növ Avropadan daha uzağa göndərilməsinin tərəfdarıdırlar". 

Həmsöhbətimiz hesab edir ki, Putin-Zelenski görüşü keçirilməsi də problemin həllinə gətirib çıxarmayacaq:

"Çünki tərəflər elə tələblər irəli sürürlər ki, bu tələblər görüş keçiriləcəyi təqdirdə belə məsələnin həlli mümkünsüzdür. Hazırda tərəflər bir-birinin tələblərini qəbul etmədikləri üçün Putin-Zelenski görüşü baş tutmur. Hesab edirəm ki, indiki şəraitdə belə bir görüş keçirilsə də, ciddi nəticə əldə olunmayacaq". 

Pərviz

0