Gələcəyin kosmos teleskopları Yer tipli planetləri kəşf etmək üçün yenidən layihələndirilir

DÜNYA
22:14 / 03.09.2025
43

Yeni bir araşdırma kosmosdakı Yer tipli planetləri daha effektiv şəkildə müşahidə edə bilmək üçün teleskopun dizaynında əhəmiyyətli bir dəyişiklik təklif edir. 

HİT.az xəbər verir ki, Rensselaer Politexnik İnstitutundan astrofizika professoru Heydi Nyuberq, bu yeni yanaşmada düzbucaqlı formalı teleskopun ənənəvi yumru dizaynlarla müqayisədə daha səmərəli ola biləcəyini qeyd edir.

Nyuberq bu barədə deyir: "6,5 metrlik dairəvi güzgüyə malik Ceyms Veb Kosmos Teleskopu (JWST) əvəzinə 1-ə 20 metr ölçülərində düzbucaqlı güzgüdən istifadə edən teleskop, Günəşə bənzər ulduzların ətrafındakı Yer ölçülü planetləri kəşf etməyimizə şərait yarada bilər". 

Amerika Milli Elmlər Akademiyası, Günəşə bənzər ulduzların yaşana bilən zonasındakı planetləri görüntüləmək üçün yeni bir teleskopun hazırlanmasını prioritet tədqiqat sahəsi kimi müəyyən edib. Hələ ki, dəqiq bir dizayn müəyyən edilməsə də, bu teleskopun təxminən 8 metrlik güzgü diametrinə malik olması, yəni JWST-dən təxminən 1,5 metr böyük olması gözlənilir. Lakin Nyuberq qeyd edir ki, bu ənənəvi dizayna alternativ bir həll təqdim etmişdir və düzbucaqlı teleskop dizaynının hədəflənən planetləri daha asan tapmaq şansı verə biləcəyini bildirir.

Yer tipli planetləri aşkar edə bilmək üçün teleskopların infraqırmızı işıqda müşahidə aparması tələb olunur. Bu, xüsusilə su buxarı olan planetlərin atmosferlərini öyrənmək üçün vacibdir. JWST-nin Orta-İnfraqırmızı Aləti (MIRI) 10 mikron dalğa uzunluğunda müşahidələr apara bilir və bu dalğa uzunluğu su buxarının yaydığı işığın aydın göründüyü sahədir. İndiyə qədər MIRI sayəsində bəzi nəhəng xarici planetlərin (ekzoplanet) atmosferlərində su buxarı aşkar edilmişdi. İnfraqırmızı işıqda müşahidə aparmaq, planetlərin ulduzlarından milyonlarca dəfə daha solğun olmasına baxmayaraq, kontrastı artıraraq planetləri aşkar etməyi asanlaşdırır.

Lakin JWST-nin 6,5 metrlik güzgüsü, yaşana bilən zonada olan Yer tipli bir planeti aşkar etmək üçün kifayət etməyə bilər. Teleskopun bucaq ayırdetmə qabiliyyəti, dalğa uzunluğunun teleskopun diametrinə bölünməsi və sabit bir əmsalla vurulması ilə müəyyən edilir. 10 mikron dalğa uzunluğunda və 30 işıq ili uzaqlıqda olan bir planetin şəklini aydın şəkildə əldə edə bilmək üçün təxminən 20 metr diametrində bir teleskop tələb olunur. Lakin belə nəhəng bir teleskopu tikmək, kosmosa göndərmək və istifadə etmək böyük mühəndislik çətinlikləri və astronomik xərclər deməkdir.

Başqa bir həll yolu, birdən çox kiçik teleskopu kosmosa göndərib, optik interferometr üsulu ilə böyük bir teleskop kimi işləməsini təmin etmək ola bilər. Lakin bu üsul da cihazların son dərəcə dəqiq şəkildə hizalanmasını tələb etdiyi üçün texnoloji və maliyyə baxımından olduqca çətin bir seçimdir.

Nyuberq və onun komandası isə iddia edir ki, düzbucaqlı teleskop dizaynı bu problemlərə daha qənaətcil və praktik bir həll təklif edə bilər. Açıqlamaya görə, 20 metrə 1 metr ölçülü düzbucaqlı güzgü, dairəvi güzgülərdən daha kiçik bir sahəyə malik olsa da, daha səmərəli şəkildə istifadə edilə bilər. Teleskop hədəflənən planetin ulduzuna nisbətən hizalanabilər və lazım olduqda döndərilə bilər. Maraqlıdır ki, bu dizaynda teleskopun effektiv yığıcı sahəsi JWST-nin güzgüsündən daha böyük ola bilər. JWST-nin güzgüsü, bəzi hissələrinin hədəfə diqqət yetirməməsi səbəbindən effektiv sahəsi məhdudlaşdığı halda, düzbucaqlı teleskopun hər bir hissəsi müşahidə istiqamətində istifadə olunur.

Samir

0