"Rusiya ilə Ukrayna arasındakı danışıqların uğurla nəticələnəcəyinə dair hansısa bir ehtimalı yoxdur".
Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında danışıqlar gedərkən belə kifayət qədər sərt döyüşlər davam edirdi:
"Bəzən müharibənin şiddəti artır, bəzənsə azalır. Ancaq görünən odur ki, danışıqlar prosesində ümumi şəkildə müharibədə bir dayanma yox idi. Əslində elə ən böyük iddialardan biri o idi ki, Rusiya-Ukrayna arasında danışıqlar başlayırsa, müharibə dayanacaq. Çünki ABŞ prosesə moderatorluq edir".
Ekspert qeyd edib ki, bu məsələ alqışla qarşılanırdı:
"Halbuki reallıq tamam başqa idi. Belə ki, Rusiya danışıqlardan istifadə edərək maksimum şəkildə irəliləməyə çalışırdı. Yəni hücumları dayandırmırdı, əksinə artırırdı. Ukraynaya isə maksimum şəkildə müdafiə olunduğu üçün Rusiyaya qarşı əks-hücum etmək imkanı azalırdı".
Turab Rzayev hesab edir ki, ortada sülh danışıqları olsa da, atəşkəsə yaxınlaşma yoxdur:
"Hazırda Rusiya ilə Ukrayna arasındakı müharibənin çox şiddətli şəkildə davam etməməsinin səbəbi məhz ABŞ-dir. Çünki ABŞ Prezidenti Donald Tramp tərəflərə müəyyən qədər təzyiq edir və onlar da aqressivlik göstərməkdən ehtiyat edirlər".
Politoloqun sözlərinə görə, Moskva ilə Kiyev arasındakı danışıqlar nəticəsiz yekunlaşsa, müharibə daha şiddətli mərhələyə keçə bilər:
"Yəni bir müddət sonra müharibənin yeni mərhələsinin başlaması mümkündür. Rusiya daha çox ərazi işğal etmək üçün yeni həmlələr edə bilər. Ukrayna isə əlindən gələnin maksimumunu etməyə çalışır ki, mövcud vəziyyətdə daha çox ərazi itirməsin".
Pərviz