Xorvatiya hətta atəşkəs olsa belə, öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.
HİT.az xəbər verir ki, bunu Xorvatiyanın müdafiə naziri İvan Anusiç deyib.
Xorvatiya ilə yanaşı, Polşa, İtaliya və Bolqarıstan da Ukraynaya qoşun yeritmək planlarından imtina ediblər.
Fransa prezidenti Emmanuel Makron Parisdəki “istəklilər koalisiyası”nın ardınca bəyan edib ki, hərbi münaqişə bitdikdən sonra 26 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti vermək niyyətindədir.
O qeyd edib ki, bəzi ölkələr Ukraynanın hüdudlarından kənarda qalarkən, məsələn, Kiyev qüvvələrinin hazırlanmasına və təchiz olunmasına kömək etməklə, zəmanət verəcəklər. Eyni zamanda, Fransa lideri bu ölkələrin adlarını çəkməkdən, hətta koalisiyanın Ukrayna ərazisinə yerləşdirməyi planlaşdırdığı beynəlxalq kontingentin təxmini sayını göstərməkdən imtina edib.
Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynada təhlükəsizlik təminatları çərçivəsində minlərlə əsgərin olması gözlənilir.
Sentyabrın 4-də Parisdə Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə qarışıq formatda “istəklilər koalisiyası” iştirakçılarının sammiti keçirilib.
Samir