"Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin öz ərazisi kimi tanıtması pis nümunə ola bilər".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, həm Rusiyanın özünü şirinlikləndirər, həm də başqa ölkələr üçün pis nümunə olar:
"Belə halların olmaması üçün beynəlxalq hüquq var. Ökələrin konstitusiyasında da hər hansı bir ərazi güzəşti, hansısa ərazinin başqasına verilməsi qadağan edilir. Belə məsələlər yalnız xalqın istəyi ilə, daha dəqiq desək, ümumi referendum yolu ilə keçirilə bilər".
Ekspert qeyd edib ki, Rusiyanın işğal altında saxladığı əraziləri öz ərazisi olaraq tanıtması heç bir halda yol verilən deyil və Ukrayna tərəfinin də belə bir niyyəti yoxdur:
"Bununla bağlı da dəfələrlə Prezident Volodimir Zelenski və digər rəsmi şəxslər açıqlama veriblər. Üstəlik, təkcə Kiyev hakimiyyəti deyil, Ukraynanın müxalifət qüvvələri də hər hansı bir şəkildə torpaq güzəşti ilə bağlı müzakirənin aparıla bilməyəcəyinini dəfələrlə bəyan ediblər.
Bu gün Ukrayna hansısa əraziləri güzəştə getmək müqabilində atəşkəsin elan olunmasına da ancaq o şəkildə razılıq verir ki, həmin ərazilər Rusiya ərazisi olaraq tanınmadan rusların nəzarətində saxlanılsın və ondan sonra uzunmüddətli bir diplomatik danışıqlar dövrü başlasın.
Məsələn, zamanında Azərbaycandan Ermənistan arasında bənzər hal yaşandı. Ermənilər ərazilərimizi işğalda saxladı, amma beynəlxalq birlik həmin əraziləri Ermənistan ərazisi olaraq tanımadı və bir danışıqlar dövrü başladı. Yəni hazırda da ancaq bu, Ukrayna üçün məqbul variant hesab oluna bilər".
Politoloqun sözlərinə görə, Rusiya tərəfi işğal etdiyi torpaqları hansısa formada öz ərazisi olaraq tanıtmaq istəsə belə bunun reallaşması qeyri-mümkündür:
"Təkcə Zelenski yox, onun yerinə gələcək hər hansısa bir lider də belə bir güzəştin edilməsinə razı olmaz. Ümumiyyətlə, Ukrayna qanunvericiliyinə görə bu, prezidentin və ya hökumətin təkbaşına qəbul edəcəyi bir qərar deyil. Bunun üçün ölkədə referendum keçirilməlidir. Çünki konstitusiya ərazi güzəştini qadağan edir.
Referendumun keçirilməsi üçün isə mütləq şəkildə atəşkəsin elan olunması lazımdır. Lakin ölkənin 20 faizi işğal altındaykən, infrastruktur dağılmışkən, bombalar altında referendum keçirmək mümkün deyil".
Rəşad Bayramov sözlərini belə yekunlaşdırıb:
"Nə Ukraynanın öz ərazisini güzəştə getmək fikri var, nə də hansısa beynəlxalq təşkilat və ya beynəlxalq birlik həmin əraziləri Rusiya ərazisi olaraq tanıya bilər. Bu, belə də davam edəcək. Çünki bu hal təkcə Rusiyanın özünün şirinliklənməsi ilə kifayətlənmir, eyni zamanda başqa imperialist düşüncə ilə çıxış edən güclər üçün də pis presedent yaradar".
Pərviz