Kaya Kallas: Rusiya müharibədə qalib gələ bilməz

DÜNYA
14:51 / 09.09.2025
67

"Avropa İttifaqının Rusiyaya mesajı ondan ibarətdir ki, Kreml Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək".

HİT.az xəbər verir ki, bunu Avropa Parlamentində Ukrayna ilə bağlı debatların açılışında çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Rusiyaya mesajımız sadədir: müharibədə qalib gələ bilməz. Döyüş meydanından çıxın və Ukrayna ilə danışıqlar masasına oturun", deyən Kallas əlavə edib ki, sülh əldə edildikdən sonra Rusiyanın yenidən silahlanmasına icazə verilə bilməz.

O, Putinin 1991-ci ildən əvvəl mövcud olmuş sovet təsir dairəsini bərpa etmək istəyini gizlətmədiyini vurğulayıb. Putinin Avropa qüvvələrinə qarşı yeni təhdidləri ilə bağlı Kallas bildirib ki, Rusiyanın Avropanın qitəni müdafiə etmək qərarına gəlməsində heç bir sözü yoxdur.

"Keçən həftə Könüllülər Koalisiyasının görüşünün ertəsi günü Putin Ukraynadakı istənilən Qərb qüvvələrini, o cümlədən sülhməramlıları hücumla hədələdi. Bu, Rusiyanın ciddi eskalasiyasıdır ki, bu da birbaşa olaraq Avropanın təhlükəsizliyinə xələl gətirir. Rusiyanın bizim özümüzü necə müdafiə edəcəyimizə dair heç bir sözü yoxdur", deyə Kallas vurğulayıb.

O, ötən həftə sonu, sentyabrın 6-dan 7-nə keçən gecə Rusiyanın Ukraynaya kütləvi zərbəsini xatırladıb ki, bu da “Putin sülhdə qətiyyən maraqlı olmadığını və buna məcbur olana qədər müharibəni dayandırmayacağını” sübut edir.

Kallas Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və məhdudiyyətlərdən yayınma probleminin həlli istiqamətində işlərin davam etdirilməsinə, xüsusən də “kölgə donanmasının” aradan qaldırılmasına çağırıb.

Ali Nümayəndə bəyan edib ki, Aİ beynəlxalq səviyyədə razılaşdırılmış sanksiyaların təsirinin Aİ-nin müstəqil fəaliyyətindən qat-qat güclü olduğunu nəzərə alaraq, öz fəaliyyətlərini tərəfdaşlarla əlaqələndirir.

Sanksiyaların effektivliyindən danışan Kallas vurğulayıb ki, beynəlxalq məhdudiyyətlər artıq Rusiyanı müharibə üçün azı 450 milyard dollardan, o cümlədən 154 milyard dollardan çox neft gəlirindən məhrum edib.

"Avropa Rusiyanın enerji resursları üçün ən böyük bazarlardan biri idi, amma indi yox. Ümid edirik ki, 2027-ci ilə qədər biz Rusiya qazı və neftinin idxalını tamamilə dayandıracağıq. Avropa İttifaqı həmçinin sanksiyalarımızdan yan keçərək Rusiyaya qeyri-qanuni neft gəlirləri gətirən "kölgə donanması"nın 444 gəmisinə sanksiya tətbiq edib", deyə Kallas yekunlaşdırıb.

Samir

0