Boris Concon Ukraynanın Rusiyadakı hərbi bazalara zərbə endirməsinə icazə verilməsini istədi

DÜNYA
13:08 / 09.09.2025
98

Böyük Britaniyanın keçmiş baş naziri Boris Concon Ukrayna Müdafiə Sənayesi Milli Assosiasiyasının (NAUDI) dəstəyi ilə keçirilən Ukrayna Müdafiə İnnovasiyaları Forumunda çıxış edərkən bildirib ki, Ukrayna mülki əhaliyə hücumların həyata keçirildiyi Rusiyadakı hərbi bazalara zərbə endirmək hüququna malik olmalıdır.

HİT.az bu barədə "Unian"a istinadən xəbər verir.

Concon deyib: "Prezident Trumpın özü də düzgün olaraq vurğulayıb: biz ukraynalılara öz mülki əhalisini öldürmək üçün istifadə edilən bazalara, hətta bu bazalar Rusiyada yerləşsə belə, bu silahlardan istifadə etmək icazəsini verməliyik".

O, həmçinin vurğuladı ki, Ukrayna öz müdafiə imkanlarını inkişaf etdirmək üçün hər şeydən artıq maliyyə dəstəyinə ehtiyac duyur.

Concon qeyd edib ki, Ukraynanın gələcəyi ərazi məsələsi deyil, kimlik və seçim məsələsidir: "Bu, ərazi ilə bağlı deyil. Bu, taleylə bağlıdır. Bu, kimliklə bağlıdır. Ukrayna Qərb yolunu seçib və biz bu seçimi Ukraynadakı mövcudluğumuzla, qərbli təhlükəsizlik zəmanətlərimizlə təsdiq etməli və onun Avropa və nəticədə NATO qurumlarına doğru irəlilədiyini aydın etməliyik".

Eyni zamanda, Boris Concon atəşkəsin, münaqişənin dondurulması demək olsa belə, vəziyyətdən çıxış yolu ola biləcəyini etiraf edib: "Düşünürəm ki, atəşkəs, təəssüf ki, münaqişənin cəbhənin indiki xətti boyunca dondurulması demək olsa və Putinə faktiki olaraq Ukraynanın əhəmiyyətli bir hissəsi üzərində nəzarət versə belə, yaxşı bir həll olardı. Bu, suverenlik məsələlərində kompromis olmayacaq. Bu, ona bir çıxış yolu verərdi və ukraynalılar öz ölkələrini və demokratiyanı faktiki olaraq xilas etdiklərini bilərdilər. Və indi lazım olan tək şey, Ukraynanın qlobal müttəfiqlərinin ukraynalıların nümayiş etdirdiyi cəsarətin ən azı onda birini nümayiş etdirmələridir. O zaman bu müharibəni yeganə mümkün yolla – azad, suveren və müstəqil Ukrayna ilə bitirə bilərik".

Samir

0