Bu zərbə Rusiyanın sülh istəmədiyini göstərir - Avropa komissarı

DÜNYA
15:55 / 09.09.2025
69

"Rusiya Ukraynanın Avropa istəklərindən qorxur və Kiyevdəki hökumət binasına raket zərbəsi endirməklə həm Ukrayna hakimiyyətinə, həm də beynəlxalq tərəfdaşlarına siqnal göndərməyə çalışır".

HİT.az xəbər verir ki, bunu Avropa Parlamentində Ukrayna üzrə debatların açılışında genişlənmə üzrə Avropa komissarı Marta Kos deyib.

"Bazar günü Rusiya ilk dəfə Kiyevdəki Nazirlər Kabinetinin binasını vurdu: Ukrayna hökumətinə birbaşa hücum. Təbii ki, bu, təsadüfi deyildi. Bu, bir mesaj idi: Rusiya sülh istəmir, Rusiya Ukraynanın Avropa istəklərindən qorxur və demokratiyanı rədd edir", deyə Kos vurğulayıb.

O, vurğulayıb ki, Aİ-nin cavabı “qətiyyətli və vahid” olmalıdır, çünki müharibə şəraitinə baxmayaraq, Ukrayna islahatlarda, xüsusilə enerji və təhlükəsizlik sektorlarında əhəmiyyətli irəliləyiş nümayiş etdirib. "Bu, qətiyyətin bariz təzahürüdür", deyə Avropa komissarı bildirib.

Onun sözlərinə görə, yaxın həftələrdə Aİ Ukrayna ilə bütün danışıqlar klasterlərini aça biləcək, ona görə də o, Avropa Şurasını gecikmədən birincinin açılması ilə bağlı qərar qəbul etməyə çağırıb.

Kos vurğulayıb ki, Ukraynanın Aİ-yə daxil olması təhlükəsizliyin ən güclü təminatıdır:

"İrəli atılan hər bir addım Ukraynanı ümumi Avropa evimizdə daha da möhkəm bağlayır. Bu, həm də Moskvaya bir siqnaldır: Ukraynanın Avropa taleyi dönməzdir".

Avropa komissarı əlavə edib ki, ukraynalılar təkcə öz torpaqlarını deyil, ümumən azadlığı da müdafiə edirlər və Aİ-nin edə biləcəyi ən az şey onların cəsarətinə siyasi qətiyyətlə cavab verməkdir. O, Aİ-nin Ukraynaya islahatların həyata keçirilməsində, xüsusən də qanunun aliliyi sahəsində, etibarlı və proqnozlaşdırıla bilən üzvlük prosesini təmin etməkdə dəstəkləməyə davam edəcəyinə söz verib.

Samir


 

0