"Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar hələlik uğursuzdur".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, yaxın perspektivdə Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna lideri Volodimir Zelenski arasında görüşün baş tutacağı da gözlənilmir:
"Çünki Putin Zelenskini Moskvaya, Zelenski isə Putini Kiyevə dəvət edir. Bu isə hazırkı mərhələdə belə bir görüşün baş tutmayacağından xəbər verir.
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra 6-7 ay ərzində Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün əlindən gələni etsə də, uğur əldə edə bilməyib. Ümumiyyətlə, bu savaşın yaxın zamanlarda dayanacağını da zənn etmirəm".
Ekspert qeyd edib ki, vaxt uzandıqca hər iki tərəfin imkanları tükənir:
"Düzdür, Rusiyanın imkanları Ukraynaya nisbətən daha yaxşıdır. Lakin hər iki ölkənin də canlı qüvvəsi tükənir. Bundan başqa, Rusiyanın artıq Çin, Hindistan və digər müttəfiqləri ilə enerji məsələlərini həll etməsi müharibənin davam edəcəyi perspektivlərini gördüyünü deməyə əsas verir.
Üstəlik, qarşıdan payız və soyuq qış ayları gələcək. Nəzərə almaq lazımdır ki, həmişə bu aylar Rusiya üçün əməliyyatlar həyata keçirmək baxımından daha uğurlu olur. O halda bu qış Rusiyanın daha irəli getmək istəklərinin olduğunu düşünə bilərik. Bu da ondan xəbər verir ki, yaxın aylarda biz bu məsələdə uğur gözləməməliyik".
Xəyal Bəşirov müharibənin nə zaman bitəcəyi ilə bağlı da danışıb:
"Düzdür, gözlənilməz hər şey ola bilər. Nəzərə alsaq ki, Moskva hələ bu məsələdə bitirmə gözləntisi nəzərdə tutmur. Bu da Rusiyanın Ukraynanı tamamilə işğal etmək niyyətlərindən xəbər verir.
Ona görə düşünürəm ki, bu ilin sonuna qədər müharibənin bitməsi inandırıcı deyil. Hətta sözügedən müharibə 2026-cı ildə də davam edə bilər. Çünki Rusiyanın müharibəni dayandırmaq yox, sona qədər getmək niyyətində olduğu görünür".
Pərviz