Qazaxıstandakı sirli qaya "yadplanetlilər aramızdadırmı" sualı gündəmə gətirdi

DÜNYA
18:08 / 11.09.2025
49

Qazaxıstanın yüksək dağları arasında yerləşən nəhəng qaya quruluşu qeyri-adi görünüşü ilə maraq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülər elmi-fantastik filmlərə bənzədilməsi ilə müzakirələrə səbəb olub.

HİT.az xəbər verir ki, Qazaxıstanın Çin sərhədinə yaxın Dzungar Alatau dağlarında çəkilmiş video son günlərdə “Reddit” və “X” platformalarında minlərlə dəfə paylaşılıb. Təxminən 30 saniyəlik kadrda qar üzərində irəliləyən iki səyyahın arxasında yarımdairə formasında böyük qaya görünür. Drondan çəkildiyi anlaşılan görüntü, ilk baxışda macəra və ya fantastik filmin səhnəsini xatırladır. Qayanın hündürlüyü səyyahlarla müqayisədə təxminən 12 metr olaraq qiymətləndirilir.

Müzakirələrdə bəzi istifadəçilər bu quruluşu “antik yadplanetlilərin izi” kimi dəyərləndirib. Bəziləri “içərisində kosmik gəmi ola bilərmi?” sualını irəli sürüb, digərləri isə “Tomb Raider” oyununa və ya “Üzüklərin hökmdarı” filmindəki Durin qapılarına bənzətmələr aparıb. Hətta “Star Wars” kainatındakı “Jabba the Hutt” sarayının girişinə oxşadığını deyənlər də olub.

Lakin bir sıra izləyicilər ehtiyatlı yanaşaraq, qaya quruluşunun arxasının meyilli olmasının içəridə geniş boşluq ehtimalını azaldığını bildiriblər. Digərləri isə bu təsvirin yalnız dağın digər tərəfinə açılan sadə bir yarğan ola biləcəyini qeyd edib.

Mütəxəssislər isə ehtimal edirlər ki, bu quruluş qədim “Dzungar qapısı” keçidinin bir hissəsidir. Çin və Qazaxıstan arasında uzanan bu strateji yol tarixi boyunca min illər boyu Orta Asiyadan gələn köçlərin və yürüşlərin izi olub. Geoloqların izahına görə, belə simmetrik quruluşların yaranması külək, su və temperatur fərqlərinin zamanla qaya laylarını formalaşdırması nəticəsində mümkündür. Yəni diqqət çəkən bu “qapı” effekti təbii proseslərin nəticəsi ola bilər.

Samir

0