Cənub-Şərqi Asiyanın ən əlçatmaz yırtıcılarından biri hesab edilən "qızılı pişik" uzun fasilədən sonra ilk dəfə Taylandda müşahidə olunub.
Hit.az xəbər verir ki, nadir heyvan "Khao Luang" milli parkının dərinliklərində gizli kamera tərəfindən qeydə alınıb.
Taylandın Milli parklar, vəhşi təbiət və bitkilərin qorunması departamentinin yaydığı görüntülərdə "Catopuma temminckii" adlı qızılı pişiyin sakitcə cığırla hərəkət etdiyi görünür. Bu kadrlar mühafizəçilər arasında böyük ümid yaradıb, çünki son illərdə bölgədə bu növün mövcudluğu ciddi şübhə doğururdu.
Taylandlı bioloq Prauin Çumsay bildirib ki, bu heyvanların davranışlarının sirli olması və sıx meşələrdə yaşaması səbəbindən onlar haqqında biliklər son dərəcə məhduddur. "Yeni video onların hələ də yaşadığını təsdiqləyir, bu isə ötən ildən daha çox məlumat deməkdir", deyə alim vurğulayıb.
Adına baxmayaraq, qızılı pişik həmişə qızılı rəngdə olmur. Ən geniş yayılmış növü kəhrəba rəngli xəzə malik olsa da, bəzi fərdlər boz, qara, qəhvəyi, hətta ləkəli də ola bilər. Onlar əsasən Himalay dağlarından Malakka yarımadasına qədər geniş ərazidə yaşayır və Beynəlxalq təbiəti mühafizə ittifaqı tərəfindən "həssas" kateqoriyasında qiymətləndirilir. Təbiətdə onların sayının 7 mindən az olduğu ehtimal edilir.
Kadrlar hərəkət sensorlu gizli kamera vasitəsilə lentə alınıb. Elm adamları qeyd edir ki, bu üsul nadir növlərin qorunması və tədqiqində yeni imkanlar açır. Kasetsart universitetindən ekolog Anurak Pattnavibul bildirib: "Bu kameralar olmasa, biz hələ də bu növün yox olduğunu düşünərdik. Onlar meşədə bizim gözlərimizdir".
Qızılı pişiklər qeyri-qanuni meşə qırılması və brakonyerlik səbəbindən ciddi təhlükə altındadır. Onların dərisi və guya müalicəvi xüsusiyyətlərə malik olması barədə inanclar səbəbilə ovlanmaları müşahidə olunur. Məsələn, Myanma və Laosta bu heyvanın dərisi bəzən leopard və ya dumanlı leopard adı altında qara bazarda satılır.
Taylandda qanunvericilik sərtləşdirilsə də, uzaq bölgələrdə hələ də tam icra olunmur. Bioloqlar ümid edirlər ki, yeni kadrlar bu növün qorunması üçün əlavə tədbirlərin görülməsinə səbəb olacaq.
Samir