Kral Tutanxamunun atası tərəfindən qurulmuş qədim Misır paytaxtı Axetatenda, yəni hazırkı Amarnada bir inəyin ayaq barmağı sümüyündən oyulmuş 3 min 300 illik bir fit tapılıb.
HİT.az xəbər verir ki, yeni bir araşdırmaya görə, bu qədim Misırda tapılan ilk sümük fitdir və min illər əvvəl bir kral məzarında işləyənləri nəzarətdə saxlayan bir "polis məmuru" tərəfindən istifadə edilməsi ehtimal edilir.
Təxminən 6,3 santimetr uzunluğunda və ovuc içində rahatlıqla tutula biləcək ölçüdə olan fitdə tək bir deşik var. Onun replikası hazırlanaraq təcrübələr aparılmışdır; təbii sümük ucu, aşağı dodağın yerləşdiyi səth kimi uyğun bir quruluş təqdim edir və deşiyə doğru üfleyərək səs çıxarılır.
Fitin tapıldığı bina, “Daş Kənd” adlanan və kral məzarının işçi kəndinə yaxın bir yaşayış məntəqəsinin daxilində yerləşir. Tədqiqatçılar qeyd edir ki, bu ərazidəki yollar və kiçik strukturlar sırası, vəzifəli polis və ya gözətçilərin məzarın ətrafını nəzarət etmək məqsədilə yerləşdirilmiş ola bilər. Yəni bu fit, bu cür bir növbətçi qülləsində və ya girişə bağlı nəzarət məntəqəsində vəzifəli bir mühafizəçi tərəfindən istifadə edilmiş ola bilər.
Həmçinin məlumdur ki, bu polis məmurları arasında "medjay" adlı bir qrup var idi; medjaylar əvvəllər köçəri/səhra mənşəli olub, qədim Misırda seçkin bir polis qüvvəsi kimi fəaliyyət göstərirdilər. Piramidalardakı bəzi sənət mətnləri və məzar relyefləri, bu cür gözətçilərin və mühafizəçilərin yollar boyunca və ya nəzarət məntəqələrində yerləşdiyini göstərir. Nəticə etibarilə, tapılan fitin də bu qrupa aid olduğu düşünülür.
Samir