"Hələ ki, ABŞ və Venesuela arasında münasibətlərin toqquşma səviyyəsinə gələcəyini zənn etmirəm".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
"Bəli, ABŞ və Venesuela arasında münasibətlər gərgindir. Venesuelada Nikolas Maduro hakimiyyəti ABŞ tərəfindən qəbul edilmir və zaman-zaman qarşılıqlı ittihamların şahidi oluruq. Düzdür, belə situasiyalarda tam dəqiq proqnozlaşdırmaq da o qədər mümkün olmur. Lakin bunun qarşıdurmaya və yaxud da hərbi toqquşmaya gətirib çıxaracağı real görünmür".
Ekspert hesab edir ki, ABŞ yenə də Venesuelada hakimiyyətin devrilməsinə cəhdlər edəcək:
"İndiyə qədər buna dəfələrlə cəhd edib, yenə də edəcək. Son olaraq hətta Maduronun başına pul mükafatı da qoyuldu. Bütün bu addımlar göstərir ki, Vaşinqtonun əsas istəyi Venesuelada hakimiyyəti dəyişməkdir. Yəni bundan sonra da məhz rejimin dəyişdirilməsi ilə bağlı addımlar ata bilərlər".
Xəyal Bəşirov qeyd edib ki, ABŞ-nin Venesuelaya birbaşa müdaxilə etmək ehtimalı çox aşağıdır:
"Liviya, Misir, Suriya, Yəmən və digər ərəb ölkələrində olduğu kimi "ərəb baharı" adlanan prosesin Venesuelada həyata keçirilməsinə cəhdlər ola bilər. Bu, daha real görünür. Ancaq ABŞ-nin Venesuelaya birbaşa hərbi müdaxilə edəcəyi və iki ölkə arasında qarşıdurma yaşanacağı barədə ehtimallar kifayət qədər aşağıdır".
Lakin mütəxəssisin sözlərinə görə, Maduro rejimi ABŞ ilə bağlı məsələlərdə daha sərt addımlar atarsa birbaşa müdaxilə variantı gündəmə gələ bilər:
"Buna baxmayaraq, həmin ehtimal çox aşağıdır. Daha çox Maduro rejiminin devrilməsi, ölkə daxilində etirazların alovlandırılması ssenarisi həyata keçirilə bilər. Hətta bu olmasa belə, ABŞ-nin Maduronun prezidentlik müddətinin sonununu gözləmə ehtimalı da var. Bu versiya da real görünür.
Hər bir halda, ABŞ-nin açıq şəkildə müdaxilə etməsə belə, Maduro rejiminin devrilməsi üçün əlindən gələni edir və gələcəkdə də bu istiqamətdə addımlar atacaq".
Pərviz