Çexiya prezidenti Petr Pavel Ukraynaya sursat tədarükü ilə bağlı Çexiya təşəbbüsünü dəstəklədiyini açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, bu proqramın hər hansı məhdudiyyəti və ya ləğvi təhlükəli və təəssüf doğuran addım və müttəfiqlər arasında anlaşılmazlığa səbəb olacaq.
HİT.az bu barədə "Ceske Noviny" portalına istinadən xəbər verir.
Pavel vurğulayıb ki, təşəbbüs Ukraynanın özünümüdafiəsi üçün etibarlı sursat təchizatını təmin etməklə öz effektivliyini sübut edib. O qeyd edib ki, bu proqram sayəsində Çexiya sursatların alınmasına milyardlarla vəsait qoyan müttəfiqlərinin etimadını qazanıb.
Prezident vurğulayıb ki, Ukraynaya dəstək beynəlxalq qaydalara riayət etmək məsələsidir:
"Dünyanın qaydalar əsasında fəaliyyət göstərməsi faktına hörmət etmək istəyiriksə, bu cür qaydaların pozulmasının qurbanı olan hər kəsi dəstəkləməliyik. Bu gün Ukraynadır, sabah isə NATO-nun başqa bir üzvü, hətta Çexiya da ola bilər".
Pavel həmçinin qeyd edib ki, müxalifət partiyası ANO oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə təşəbbüsü ləğv etməyi planlaşdırır, lakin o, beynəlxalq etimadı və müttəfiqlərlə həmrəyliyi gücləndirdiyi üçün proqramı davam etdirməkdə israrlıdır.
Yada salaq ki, Çexiya dünya bazarlarında alınıb Ukraynaya verilə bilən artilleriya mərmilərinin axtarışı üçün gizli kampaniyaya başlayıb. Bu mərmilərin alınması üçün pul Avropa ölkələri tərəfindən birgə yığılır.
Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Çexiyanın sursat tədarükü təşəbbüsü ilə artıq bir milyondan çox artilleriya mərmisi Ukraynaya ötürülüb.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa demişdi ki, Çexiyanın artilleriya mərmilərinin alınması təşəbbüsü çərçivəsində Ukrayna bu ilin sonuna qədər təxminən 1,8 milyon sursat almalıdır.
Samir