Avropa diplomatiyasının rəhbəri Kaya Kallas X sosial media platformasında bildirib ki, Rusiya Avropa İttifaqının qətiyyətini sınaqdan keçirir. O, Avropa hava məkanının pozulması ilə bağlı xəbərlərə belə cavab verib.
HİT.az xəbər verir ki, Kallas Rusiyanın Avropa hava məkanını iki həftə ərzində üç dəfə pozmasını qeyri-mümkün bir təsadüf adlandırıb.
Avropa diplomatiyasının rəhbəri yazıb: "Rusiya Avropa sərhədlərini və bizim qətiyyətimizi sınayır. Biz icazə verdiyimiz müddətdə təxribatlarını davam etdirəcək".
Sentyabrın 10-na keçən gecə Polşada bir neçə pilotsuz təyyarə qəzaya uğrayıb. NATO qırıcı təyyarələri havaya qaldırıb və insident Varşava da daxil olmaqla bir neçə hava limanının müvəqqəti bağlanmasına səbəb olub. Polşanın baş naziri Donald Tusk vəziyyəti görünməmiş adlandırıb və Rusiyanı təxribatda ittiham edib. Yerli KİV-lər Polşa ərazisində tapılan Rusiyaya məxsus pilotsuz təyyarələrin görüntülərini dərc edib.
Sentyabrın 19-da Rusiyanın üç MiQ-31 təyyarəsi Baltik dənizi üzərindən Kalininqrad vilayətinə doğru uçub. Estoniya Vaindloo adası yaxınlığında hava məkanını keçdiklərini və təxminən 12 dəqiqə orada qaldıqlarını bildirib.
Sentyabrın 23-də Danimarka hakimiyyəti hava limanı yaxınlığında bir neçə pilotsuz uçuş aparatının aşkar edildiyini əsas gətirərək Kopenhagen hava limanında fəaliyyəti dayandırıb. Danimarka polisinin məlumatına görə, hava limanı üzərində iki ilə dörd arasında böyük pilotsuz uçan aparat görüntülənib.
Samir