"2019-cu ildən etibarən "F-35" və "F-16" qırıcı təyyarələrinə görə Türkiyə ilə ABŞ arasında gərginlik yaşanır".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O xatırladıb ki, Türkiyə "F-35"-lərin alınması üçün ödəniş də etmişdi:
"Lakin qardaş ölkə həmin vaxt Rusiyanın "S-400" havadan müdafiə raket sistemlərini aldı. Bunun ardınca isə Türkiyə ABŞ tərəfindən "F-35" proqramından çıxarıldı. Məlumdur ki, sözügedən təyyarələr ABŞ istehsalı olsa da, onun müxtəlif komponentləri ayrı-ayrı dövlətlər tərəfindən istehsal edilir. Türkiyə də bu məsələdə önəmli yerlərdən birini tuturdu. Türkiyə bu proqramdan çıxarıldıqdan sonra artıq 6 ildir aktiv şəkildə həmin döyüş təyyarələrinin təhvil verilməsi və "F-16" sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müraciətlər edir".
Ekspert qeyd edib ki, bunlar Türkiyə üçün olduqca vacibdir:
"Əslində, NATO üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və alyansın əsas hərbi güclərindən biridir. Xüsusilə də "F-16" təyyarələri qardaş ölkənin arsenalında çoxluq təşkil edir. Hazırkı statistikaya əsasən "F-16" təyyarələrinin sayına görə Türkiyə dünyada ABŞ-dən sonra ikinci yeri tutur. İndi isə onların təkmilləşdirilməsinə və "F-35"-lərin alınmasına ehtiyac var.
ABŞ-də Donald Tramp hakimiyyətə qayıdandan sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan elə ilk telefon zəngində "F-35" təyyarələri məsələsini yenidən gündəmə gətirmişdi. Üstəlik, Tramp administrasiyası da bunun mümkün olması ilə bağlı müxtəlif vaxtlarda bəyanatlarla çıxış edib.
Təbii ki, ABŞ Konqresində Türkiyəyə embarqonun qaldırılmamasını tələb edənlər də var. Amma bütün bunlara baxmayaraq, bu gün Vaşinqtonun Ankaraya olan ehtiyacı var. Xüsusən də Yaxın Şərq regionunda məhz Türkiyə vasitəsilə bir sıra məsələlərin öz həllini tapması ABŞ-ni bu istiqamətdə müvafiq addımları atmağa məcbur edir".
Politoloq onu da diqqətə çatdırıb ki, bir müddət əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə-Rusiya-Çin ittifaqının qurulması ilə bağlı təklif irəli sürməsi də təsadüf deyil:
"Bu, ABŞ dairələrinə təzyiqi özündə ehtiva edirdi. Yəni Türkiyənin istəklərinin həyata keçirilməməsi halında alternativlərin ola biləcəyini mesajı verilir. O baxımdan düşünürəm ki, ABŞ da kifayət qədər ağıllı hərəkət edərək Türkiyənin istəklərinin həyata keçirilməsi ilə bağlı real addımlar ata bilər.
Həm "F-35", həm də "F-16"-larla bağlı məsələ nəhayətdə öz müsbət həllini tapacaq. Bunun nə dərəcədə tez baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Lakin Türkiyə bu məsələdə israrlıdır və ABŞ-nin də bu israra müvafiq müsbət cavab verməsi növbəti mərhələ üçün tərəflər arasındakı münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından olduqca vacibdir. Hesab edirəm ki, indiki vəziyyətdə ABŞ-nin Türkiyənin istəklərinə müsbət cavab vermə ehtimalı kifayət qədər yüksəkdir".
Pərviz