Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 20-də xalqa müraciətində bildirib ki, Katolikosluğun toplantısı Eçmiədzində (Erməni Apostol Kilsəsinin dini mərkəzi) bu ilin sentyabr və ya oktyabr aylarında keçirilə bilər.
Paşinyan vurğulayıb ki, kilsə siyasi proseslərə yuxarıdan təsir etməməlidir. Onun sözlərinə görə, kilsənin əsas vəzifəsi dini missiyasını qorumaqdır.
Maraqlıdır, Ermənistanda yeni konstitusiyada kilsə haqda maddə dəyişəcəkmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib ki, Ermənistanda kilsə siyasiləşib. Din xadimlərinin çoxu ənənəvi olaraq əvvəl Sovet hakimiyyətinin, indi də Rusiyanın xüsusi xidmət orqanlarının təsirində olan şəxslər olub:
“Paşinyan hakimiyyətinə qarşı keşiş üsyanlarının baş verməsi də bununla əlaqədar idi. Baş nazirin hazırkı açıqlaması da bunu sübut edir. Yəni, kilsə Allahdan, İsa Məsihdən başqa hara desən xidmət edib. Məsələ təkcə kilsənin hakimiyyətə qarşı çıxmasından getmir. Ümumiyyətlə, Ermənistanda din - dövlət münasibətlərinin, məsələlərinin tənzimlənməsindən gedir. İndiyəcən kilsə dövlət ideoloji xəttini formalaşdıran mərkəz olub. Türk, müsəlman düşmənçiliyi, "böyük Ermənistan" xülyası kimi hallar məhz kilsənin təhriki ilə baş verib. Bu ənənənin qaldığı halda da sülh mümkün olmaz. Bunu dərk edən Paşinyanın kilsəni islah etməsi zəruridir. Kilsənin, din xadimlərinin dövlətin işinə qarışmaması kimi tələblərin icrası konstitusiyada dəyişik zamanı da nəzərə alına bilər. Əslində Paşinyan erməni Apostol Kilsəsinin xilasına çalışır. Belə ki, kilsə siyasiləşdikcə əsl dini, mənəvi mahiyyətindən uzaqlaşır. Həm də ölkədə ikilihakimiyyətli dövlət strukturu meydana gəlir ki, bunu da yarı teokratik bir qurum hesab etmək olar. Amma dünyəvi, demokratik dövlət üçün kilsənin bu dərəcədə dövlətin işinə müdaxilə etməsi uyğunsuzdur. Əgər inzibati yollarla Paşinyan istəyinə nail ola bilməsə konstitusiya dəyişikliyi zamanı kilsə - dövlət mövzularını şəffaflaşdıran müddəalara da dəyişiklik gətirilə bilər”.
Sevinc