500 gəmi qəzası: Kral Hansın üzən qalası və kiçik toplar

DÜNYA
20:40 / 25.09.2025
50

500 il əvvəl İsveç sahillərində batan Danimarka–Norveç donanmasının bayraq gəmisi "Gribshunden", Avropanın kəşf dövrü və orta əsr döyüş texnologiyası barədə nadir məlumatlar təqdim edir. 

HİT.az xəbər verir ki, alimlər bu gəmini həmin dövrdən günümüzə qədər qorunub saxlanılan ən yaxşı nümunələrdən biri kimi qiymətləndirirlər. Kəşf dövrü 1492-ci ildə Kristofer Kolumbun səfəri ilə başlanmış, 17-ci əsrə qədər davam edərək Avropanın dünya üzərində hökmranlıq iddialarını simvolizə etmişdi.

Tədqiqat müəllifləri bildirirlər ki, "Gribshunden" nadir arxeoloji tapıntıdır: “Gəminin taxta konstruksiyası, xüsusilə palıd top yataqları bu tip orta əsr hərbi gəmilərinin ən tam nümunələrindəndir. Bundan başqa, gəmidə digər batıqlarda nadir hallarda qorunan üzvi materiallara da rast gəlinib.”

Gəmi 1971-ci ildə təsadüfən dalğıclar tərəfindən aşkar edilib, lakin rəsmi arxeoloji qazıntılar yalnız 2000-ci illərdə başlanıb.

"Gribshunden" ən azı 50 kiçik kalibrli topla silahlanmışdı. Bu toplar dəmir nüvəli qurğuşun mərmilərlə doldurulur və düşmən gəmi heyətinə yaxın məsafədən atəş açmaq üçün istifadə olunurdu. Dənizin dibində qalan çoxlu sayda dəmir top itirilsə də, araşdırmaçılar taxta top yataqlarındakı izləri öyrənərək bu silahların rəqəmsal rekonstruksiyasını hazırlaya biliblər.

Mütəxəssislərin sözlərinə görə, gəmi ilə top sisteminin birgə öyrənilməsi 16-cı əsrin ortalarına qədər davam edən mühəndislik təcrübəsini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir: "Bu iş bizə gəmi ustalarının və topçuların orta əsrlərin sonundakı texnologiyanı necə təkmilləşdirdiyini və üç əsr ərzində dəyişmədən qalan formaya necə nail olduqlarını anlamağa kömək edir".

"Gribshunden" 1483–1484-cü illərdə Rotterdam yaxınlığında inşa edilmiş, 1485-ci ildə isə Danimarkanın milli büdcəsinin təxminən 8 faizini təşkil etmişdi. Araşdırmaçılar bildirirlər ki, kral Hans bu gəmiyə əsasən kəşf üçün deyil, “üzən qala” kimi baxırdı. O, gəmiyə iqtisadi, diplomatik, sosial və mədəni güc nümayişi vasitəsi kimi yanaşır, hərbi imkanlarını isə arxa planda dəstək kimi saxlayırdı.

Alimlər hesab edirlər ki, kral Hansın kəşf səfərlərinə qatılmamasının əsas səbəbi Baltik dənizində hökmranlığını gücləndirmək istəyi olub. Həmçinin, 1493-cü ildə papa VI Aleksandrın Amerikadakı torpaqları İspaniyaya verməsi ilə bağlı qərarına qarşı çıxmaq istəməyən Hans aforoz təhlükəsi ilə üz-üzə qalmaq istəmirdi. Hind okeanı məsələsində isə İspaniya və Portuqaliya razılığa gələrək bu bölgəni Portuqaliyanın sferasına daxil etmişdilər.

1495-ci ilin iyununda gəmi İsveçin Ronneby şəhəri yaxınlığında dayanarkən alovlanıb. Hadisə zamanı kral Hans gəmidə olmayıb. Qazıntılar zamanı tapılan bəzi toplar, mərmilərin partlayış anında gəmi içərisində dəfələrlə dəydiyini göstərən izlərlə aşkarlanıb.

Alimlərin fikrincə, "Gribshunden" araşdırması son illərdə üzə çıxan digər tarixi gəmi batıqları ilə birlikdə, insanlığın minilliklər boyu necə səyahət etdiyini, ticarət apardığını və dünyanı formalaşdırdığını daha dərindən anlamağa imkan yaradır.

Samir

0