İran yenidən vurulacaq? - "Qaçınılmazdır"

DÜNYA
13:00 / 25.09.2025
52

"Əslində, ABŞ və İsrailin İrana qarşı mövqeyinin sərtləşəcəyi gözlənilən idi".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, tərəflər hazırda bir sıra məsələləri həll etməyə çalışırlar:
"İsrail İran məsələsini qabardaraq bütün diqqətləri öz üzərindən, Fələstin münaqişəsindən, Qəzzada baş verən blokadadan və insan qırğınından Tehrana yönəltməyə çalışır. 

Biz bunu dəfələrlə gördük. Məsələn, Qəzzaya qarşı bütün tənqidlərə baxmayan İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə yenidən İranı hədəf olaraq göstərib. Bu isə ABŞ-yə də sərf edir. Çünki ABŞ də İsraili xilas etmək üçün bəhanə axtarır". 

Ekspert qeyd edib ki, son zamanlarda Böyük Britanya, Avstraliya, Portuqaliya, Fransa və Kanada kimi bir neçə dövlət Fələstinin müstəqilliyini tanıyıb:
"Faktiki olaraq, İsrail geopolitik təzyiq altında blokada vəziyyətinə düşə bilər. Üstəlik, BMT-də gördük ki, ABŞ və İsrail bu məsələdə təklənib. Hazırda dünyada ABŞ Prezidenti Donald Trampdan başqa İsraili açıq şəkildə müdafiə edən yoxdur. Ona görə də ABŞ İsraili izolyasiyadan çıxarmaq üçün İrana zərbələr endirə bilər. 

Çünki bu həmlə ABŞ və müttəfiqlərini bir araya toplayacaq. Yəni Böyük Britaniya və Fransa kimi ölkələr yenidən Vaşinqtonun ətrafında birləşəcəklər. Nəzərə almaq lazımdır ki, diqqətlərin İrana yönəlməsi İsraili blokadadan çıxara bilər". 

Politoloqun sözlərinə görə, İranın vurulması bəzi Avropa ölkələrinə də sərf edir:
"Ona görə ki, bir çox Avropa ölkəsi İsraillə münasibətləri gərginləşdirmək istəmir. Məsələn, Böyük Britanya bir tərəfdən Fələstin müstəqilliyini tanıyır, digər tərəfdən isə ingilis təyyarələri İsrailin missiyalarında iştirak edir. 

Görünür, Fransa və Böyük Britaniya kimi ölkələr Fələstin məsələsində öz ictimaiyyətlərindən çəkindikləri üçün belə addımlar atmağa məcbur olurlar. Hətta Britaniyada Fələstinə azadlıq istəmək belə həbslə nəticələnə bilər. Yəqin ki, siyasilər bu məsələdə həm də öz kreslolarını qorumağa çalışırlar". 

Turab Rzayev vurğulayıb ki, İrana qarşı yeni hücum diqqətləri İsrailin və Fələstinin üzərindən ayıracaq
"Dediyim kimi bu da bir çox tərəfə sərf edən məsələdir. Ona görə belə bir ehtimal mümkündür. Yəni İran yenidən vurula bilər. Üstəlik, Tehran hakimiyyəti nüvə proqramı məsələsində geri addım atmır. Hətta ölkənin ali dini rəhbəri Ali Xameneyi belə sanksiyalara qarşı boş qalmayacaqlarını açıqlayıb. Ortaya şərt qoyulması Qərbi də çıxılmaz vəziyyətə salıb. 

Nəzərə almaq lazımdır ki, Vaşinqtonun müttəfiqləri də hər zaman İranı qonşuları ilə razılığa gəlməyə çağırırlar. Onlar, ABŞ-nin İran hakimiyyətininə daha ciddi təzyiq etməsini istəyirlər. Belə vəziyyətdə isə növbəti münaqişə qaçılmaz görünür. Çünki Tramp İranın nüvə, hətta raket proqramının tamamilə dayanmasını istəyir. İran isə açıq şəkildə bildirir ki, ya sanksiyalar dayanmalıdır, ya da hansısa proqram durdurulmayacaq. Belə olan halda isə yeni münaqişə və İranın yenidən vurulma ehtimalı artır".

Pərviz
 

0