Hindistan Rusiya neftindən imtina etsə, Venesuela və İrana qarşı sanksiyaların ləğvini tələb edəcək

DÜNYA
21:17 / 25.09.2025
40

Hindistan ABŞ-a xəbərdarlıq edib ki, Rusiya neftinin idxalını dayandırmaq üçün Venesuela və İrandan xam neft tədarükünə tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbəyə istinadən yazıb.

“Hindistan rəsmiləri vurğuladılar ki, Rusiya, İran və Venesueladan Hindistanın ən böyük neft emalı zavodlarına neft tədarükünün eyni vaxtda dayandırılması qlobal qiymətlərin kəskin artmasına səbəb ola bilər”, deyə nəşr bildirib.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bəyan edib ki, Hindistan və Çin Rusiya neftini almağa davam etdikləri üçün Ukraynadakı münaqişənin əsas sponsorlarıdır.

Avqustun 27-də Tramp administrasiyası Rusiya neftinin alınmasını dayandırmaqdan imtina etdiyi üçün Hindistana 50% rüsum tətbiq edib. “The Guardian” yazır ki, tariflər geyim, tekstil, qiymətli daşlar, ayaqqabı, mebel və digər mallara şamil olunacaq. Bununla belə, bir sıra məhsullar üçün güzəştlər edilib. Xüsusilə, Hindistanın ABŞ-a ixracatının təxminən 30%-ni təşkil edən yanacaq, elektronika və bəzi dərman vasitələri tariflərdən azaddır.

"Bloomberg"in məlumatına görə, ABŞ liderinin təzyiqlərinə baxmayaraq, Hindistan Rusiya neftindən imtina etmək fikrində deyil, çünki onun aşağı qiyməti ölkədə inflyasiyanın qarşısını alır. Buna görə də, Hindistanın Rusiyadan neft idxalı, nəşr qeyd edir, ehtimal ki, indiki səviyyədə qalacaq.

Samir
 

0