Pekin: Ukraynadakı müharibənin səbəbi Avropada təhlükəsizlik münaqişələridir

DÜNYA
20:00 / 26.09.2025
43

Pekin hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Avropada təhlükəsizliklə bağlı münaqişələrdən qaynaqlanıb və bu münaqişəni Avropa ölkələri həll etməlidir, məsuliyyətin Çinə keçməsi problemləri həll etməyəcək.

HİT.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Qərb siyasətçilərinin Çinin Ukraynada müharibəni dayandırması üçün Rusiyaya təzyiq göstərə biləcəyi ilə bağlı son bəyanatlarını şərh edərkən bildirib.

"Çin nə Ukrayna böhranını alovlandıran tərəfdir, nə də onun iştirakçısıdır. Lakin biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü və məsuliyyətli böyük dövlət kimi həmişə obyektiv və qərəzsiz mövqedən çıxış edirik, barışıq və danışıqları fəal şəkildə təşviq edirik və bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb", deyə diplomat bildirib.

Onun sözlərinə görə, münaqişəni dayandırmaq istəməyən, onu alovlandıran və hətta ondan qazanc əldə edən Çin deyil, digər tərəflərdir:

"Məsuliyyətin Çinə həvalə edilməsi məsələni həll etməyəcək. Ukrayna böhranının kökləri Avropada uzun müddətdir yığılan regional təhlükəsizlik ziddiyyətlərindədir. Yalnız bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə alaraq, dialoq və danışıqlar yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını yaratmaqla problemi həll etmək üçün düzgün yol tapa bilərik".

O əlavə edib ki, bu baxımdan Çin tərəfi Avropa İttifaqının münaqişənin siyasi həlli axtarışında daha fəal iştirakını dəstəkləyir.

Samir

0