2004-cü ildə ictimaiyyətə təqdim olunan və kökləri NASA-nın 1990-cı illərdəki HL-20 layihəsinə dayanan “Dream Chaser” kosmos təyyarəsi nəhayət ilk sınaq uçuşuna hazırlaşır. Lakin ilk missiyada Beynəlxalq Kosmik Stansiyaya (BKS) qoşulma olmayacaq, aparat orbitdə müstəqil sınaq həyata keçirəcək.
HİT.az xəbər verir ki, NASA-nın açıqlamasına görə, bu qərar həm təyyarənin inkişaf prosesinə çeviklik qatmaq, həm də gələcəkdə daha geniş tapşırıqlara uyğunlaşmaq üçün atılıb.
“Dream Chaser” layihəsi əvvəlcə “SpaceDev” şirkəti tərəfindən yenidən gündəmə gətirilib, daha sonra isə “Sierra Nevada Corporation” (SNC) tərəfindən satın alınıb. SNC, 2010-cu illərdə NASA-nın kommersiya kosmik ekipaj proqramına qatılmaq istəsə də, “SpaceX” və “Boeing” kimi rəqibləri qarşısında geri qalıb. Buna baxmayaraq, layihə tamamilə dayandırılmayıb. 2016-cı ildə NASA aparatı yük daşıma versiyasında dəstəkləməyi qərara alıb.
Bu çərçivədə SNC-nin törəməsi olan “Sierra Space” şirkətinə BKS-ə ən azı yeddi təchizat uçuşu hüququ verilib. Bu missiyalar “SpaceX”in “Dragon” və “Northrop Grumman”ın “Cygnus” aparatları ilə bölüşdürülüb. Ümumi müqavilə dəyərinin 14 milyard dollar olduğu bildirilir.
Mütəxəssislərə görə, əsas səbəb texniki məsələlərlə bağlıdır. Aparatın 20-dən çox kiçik mühərrikdən ibarət itki sistemi hələ tam sertifikatlaşdırılmayıb. Stansiyaya yaxınlaşma üçün isə bu sistemlərin yüksək təhlükəsizlik standartlarını qarşılaması şərtdir. Buna görə ilk uçuş nümayiş xarakteri daşıyacaq və əsas sistemlərin kosmosdakı iş prinsipi müstəqil sınaqdan keçiriləcək.
“Dream Chaser”in ilk uçuşunun 2026-cı ilin sonlarına planlaşdırıldığı açıqlanıb. Lakin gecikmələrin tez-tez yaşandığı kosmik layihələrdə bu tarixin 2027-yə sarkma ehtimalı yüksəkdir. Bu isə 2030-da istismardan çıxarılması nəzərdə tutulan BKS üçün aparatın çoxsaylı missiyalarda iştirak imkanını azaldır.
Buna baxmayaraq, “Dream Chaser”in istifadəsiz qalması gözlənilmir. “Sierra Space” onu gələcəkdə qurulması planlanan kommersiya kosmik stansiyalarında və hətta müdafiə sənayesi kimi sektorlarda çoxfunksiyalı yük və nəqliyyat vasitəsi kimi təqdim etmək niyyətindədir.
Şirkətin idarə heyətinin sədri Fatih Özmen, bu yanaşmanın yalnız NASA ilə əməkdaşlığı deyil, həm də yeni texnoloji və müdafiə imkanlarını dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, “Dream Chaser”in “tapşırıq elastikliyi” və “çoxşaxəli istifadə” potensialı gələcək kosmik platformalarla inteqrasiya baxımından diqqət çəkir.
Samir