Trampın Qəzza ilə bağlı sülh planı uğurludur? - RƏY

DÜNYA
10:04 / 01.10.2025
60

"ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planına görə müharibənin bitməsinə ümidlər çoxdur".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bu şəkildə planın ortaya qoyulması doğru deyil:

"Yəni iki qarşı duran tərəfdən ancaq biri olan İsraillə razılaşdırılmış şəkildə planın ortaya qoyulması və HƏMAS-la bu istiqamətdə hər hansı bir təmasın olmaması, habelə HƏMAS-a müvafiq öhdəlikləri icra etməsi üçün 3 gün müddət verilməsi bir sıra problemlərin ortaya çıxmasına səbəb ola bilər. 

Üstəlik, HƏMAS rəsmi yazılı şəkildə planı əldə etməyib, ancaq Qətər və Səudiyyə Ərəbistanı vasitəsilə şifahi olaraq məlumatlandırılıb. Təbii ki, bu plan onlara çatandan sonra HƏMAS-ın özünün rəhbərliyində müzakirə olunması və müvafiq qərarların qəbulu lazımdır".

383034

Politoloq qeyd edib ki, planda HƏMAS-ın tamamilə təcrid olunması və Qəzzanın idarəçiliyindən çəkilməsi, eləcə də girovların azad edilməsi müqabilində İsrailin Qəzza zolağından çıxarılması ilə bağlı ümumi müddəalar var:

"Ancaq detalların hansı şəkildə həyata keçiriləcəyi barədə bir məlumat yoxdur. Məsələn, HƏMAS israilli girovları azad etməsi müqabilində İsrailin hansı dövrdən etibarən Qəzza zolağını boşaldacağı haqqında da hər hansı bir məlumat mövcud deyil. 

Eyni zamanda, HƏMAS-ın idarəçilikdən geri çəkiləcəyi və silahı yerə qoyacağı halda bundan sonra Qəzzanın və Fələstinin taleyində bu qədər aktiv şəkildə iştirak edə bilib-bilməyəcəyi barədə də açıqlama verilməyib". 

Ekspert söyləyib ki, ona görə də bu planı HƏMAS-a məcbur edilən və qarşısına qoyulan bir sənəd kimi qiymətləndirmək olar:

"Bu ilin yanvar ayında üç mərhələli atəşkəs sazişi imzalanandan sonra, ikinci mərhələnin ortalarında, yəni fevral ayının əvvəllərində HƏMAS onsuz da Qəzza idarəçiliyindən çəkilə biləcəyi və silahı yerə qoyacağı anonsunu vermişdi. 

Şərti isə İsrailin Qəzza zolağını tərk etməsi idi. O zaman sülh baş vermədi, çünki İsrail bundan imtina etdi. Üzərindən çox uzun müddət keçdikdən sonra İsrailin Qəzza zolağını tərk etməsinin sülh sənədi şəklində ortaya qoyulması prinsip etibarilə HƏMAS-ın maraqlarına cavab verə bilər". 

Lakin mütəxəssis bir çox cavabsız sualın olduğunu söyləyib:

"İsrail həqiqətənmi bu əraziləri tərk edəcək? Etməsə, nələr olacaq? Kim qarantiya verir ki, HƏMAS silahı yerə qoyandan sonra İsrail də geri çəkiləcək? Bunların heç birinə bağlı dəqiqləşmə olmadığı və müddət olaraq 72 saatın verilməsi bir az problemlər ortaya çıxarır. Amma HƏMAS-ın ata biləcəyi başqa addım da yoxdur. 

Düşünürəm ki, HƏMAS ən azından İsrail əleyhinə formalaşan beynəlxalq rəyi öz üzərinə çəkməmək üçün müsbət cavab verə bilər. Yəni sülhü istəməyən tərəf kimi göstərilməmək üçün bu 72 saat ərzində girovların bir qisminin azad olunması istiqamətində addımlar ata bilər. 

Ondan sonra İsrailin hansı addımları atacağı və götürüləcək öhdəlikləri icra edib-etməyəcəyi isə böyük şübhə doğurur. Ümumi olaraq isə oktyabr ayının Trampın çox istədiyi Nobel Sülh Mükafatının veriləcəyi ay olduğunu da nəzərə alaraq deyə bilərik ki, hər hansı bir atəşkəs razılaşması əldə olunsa belə, bunun davamlı olacağına dair ümidlər çox azdır".

Pərviz

0