Kolumbiya mumiyalarının sirli maskaları əsrlər sonra açıldı

DÜNYA
20:44 / 02.10.2025
44

Kolumbiyanın And Dağlarında yüz illərdir gözləyən mumiyaların üzləri, alimlərin həyata keçirdiyi dönüş yaradan bir işlə yenidən qurulub.

HİT.az xəbər verir ki, kompüter tomoqrafiyası (BT) və üçölçülü modelləşdirmə texnikalarından istifadə edilən bu iş, 13-cü və 18-ci əsrlər arasında yaşadığı güman edilən dörd nəfərin sağ ikən necə göründüyünə dair unikal ipuçları təqdim edir.

Bu dörd mumiyanın ən diqqətçəkən xüsusiyyəti, üzlərini və çənələrini örtən stilizə ölüm maskaları ilə dəfn edilmələri idi. Cənubi Amerikanın digər bölgələrində yayılmış bu ənənə, Kolumbiyada nadir hal idi. Lakin qəbirlərinin qarət edilməsi səbəbindən, bu şəxslərin kimlikləri və həyatları haqqında bu günə qədər çox az məlumat əldə edilə bilmişdi.

Tədqiqatçılar bu sirli şəxslərin üzlərini yenidən canlandırmaq üçün müasir texnologiyadan istifadə ediblər. Komanda mumiyaların üz maskalarının altındakı kəllə sümüklərini BT skanları ilə virtual şəkildə ortaya çıxarıb. Daha sonra bu məlumatlardan istifadə edərək kəllə sümüklərinin üçölçülü virtual modellərini yaradıb. Liverpul Con Moors Universitetindən Cessika Liu bu prosesi "virtual heykəltaraşlıq" kimi təsvir edir.

Yenidən qurulan üzlər arasında 6-7 yaşlarında bir uşaq, 60-cı yaşlarında bir qadın və iki gənc yetkin kişi olub. Bu şəxslərin üzlərində reçin, gil, mum və qarğıdandan hazırlanmış, zədələnsə də, göz ətrafındakı muncuq detalları salamat qalmış maskalar var. Radiokarbon tarixləndirmə işləri göstərir ki, mumiyalar 1216 və 1797-ci illər arasında yaşayıblar.

Komanda virtual şəkildə əldə etdiyi kəllə modelləri üzərinə əzələ və yumşaq toxuma qatlarını əlavə edərək üzləri yenidən formalaşdırıb. Bu prosesdə iki gənc kişinin üzləri üçün müasir Kolumbiyalı kişilərə aid orta toxuma dərinlikləri əsas götürülüb. Uşaq və qadın üçün isə oxşar məlumat olmadığı üçün əzələ quruluşları birbaşa kəllə sümüyünə uyğunlaşdırılıb. Burunu yenidən qurmaq üçün də kəllədəki sümük quruluşları istinad götürülüb.

Ən çətin hissə isə dəri toxumasını və rənglərini yaratmaq olub. Tədqiqatçılar bölgə sakinlərinə xas olan dəri, saç və göz rəngi məlumatlarından istifadə edərək neytral üz ifadələri yaradıblar. Üzdəki qırışlar, çillər və məsamələr kimi detallar uzun sürən sınaq-yanılma proseslərindən sonra əlavə edilib.

Komanda rəhbəri Liu deyir: "Toxuma həmişə ən böyük çətinlikdir. Çünki biz bu insanların özlərini necə təqdim etdiklərini, üzlərində yara izləri və ya döymələr olub-olmadığını bilmirik. Buna görə də, ortaya çıxan görüntülərin fərdlərin dəqiq portretləri deyil, yalnız "necə görünə biləcəklərinə dair" bir təsvir kimi qəbul edilməsi lazım olduğunu vurğulayır".

Samir
 

0