ABŞ prezidenti Donald Tramp agentliklərə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə hazırlaşmağı tapşırıb. Rəsmi qərar hələ elan olunmasa da, Ağ evdə bu istiqamətdə ciddi dəyişiklik baş verib.
HİT.az bu barədə "Financial Times"a istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, Trampın yaxın çevrəsində "mövqedə kardinal dəyişiklik" qeydə alınıb. Bununla belə, ABŞ lideri hələ də amerikalı vergi ödəyicilərinin pullarının birbaşa Ukraynaya yardıma yönəldilməsinə qarşı çıxır. Onun fikrincə, daha düzgün yol NATO müttəfiqlərinin Vaşinqtondan silah alaraq Kiyevə ötürməsidir.
Ağ evin nümayəndəsi bildirib: "Bu müharibə heç vaxt baş verməzdi, əgər prezident Donald Tramp olsaydı, bunu həm prezident Putin, həm də prezident Tramp özü etiraf edib. Prezident müharibəni dayandırmağa çalışır. O, həm də NATO müttəfiqlərinə ABŞ silahı almağa imkan verən tarixi razılaşmaya nail olub".
Ukrayna prezident administrasiyası məsələni şərh etməkdən imtina edib, lakin ABŞ ilə "Tomahawk" raketləri barədə danışıqların davam etdiyini təsdiqləyib.
"Wall Street Journal" yazır ki, ABŞ kəşfiyyatının dəstəyi Ukraynaya Rusiyaya qarşı daha dəqiq zərbələr endirməyə imkan verəcək. Analitiklər hesab edirlər ki, Kiyev yalnız rus ərazisinə təsir göstərməklə üstünlük qazana bilər. Ukraynanın son hücumları Rusiyanın enerji infrastrukturuna ciddi zərər vurub.
Əsas sual ondan ibarətdir ki, Tramp yaxın vaxtlarda Ukraynanın əldə edəcəyi yeni sursatların istifadəsinə məhdudiyyət qoyacaqmı.
Qeyd olunur ki, "The Times"-ın analitiki Maykl Evans ABŞ kəşfiyyatının köməyilə 2022-ci ilin aprelində Ukraynanın "Moskva" raket kreyserini batıra bildiyini xatırladır. Bayden administrasiyası dövründə isə Pentaqon bəzi məhdudiyyətlər qoymuşdu – məsələn, ABŞ məlumatlarının rus generallarına qarşı hücumlarda istifadəsinə icazə verilmirdi. Lakin müşahidəçilər hesab edirlər ki, Tramp artıq bu məhdudiyyətlərin bir qismini aradan qaldırmaq qərarına gəlib və Ukraynaya Rusiyanın enerji obyektlərinə qarşı daha geniş kəşfiyyat dəstəyi verilə bilər.
Samir