Son günlərdə İranda hicab qadağası ilə bağlı ziddiyyətli açıqlamalar verilir.
Belə ki, İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər hicabla bağlı qanunun icrasının hüquqi baxımdan artıq mümkün olmadığını söyləyib. Onun sözlərinə görə, İranda hicab taxmaqla bağlı heç bir cəza, cərimə və ya inzibati tədbir görülməyəcək. Lakin cəmi 1 gün sonra onun Məhəmmədrza Bahonərin sözləri təkzib olundu.
Bəs İranda nə baş verir? Orada hicab qadağası ləğv olunub, ya yox?
Mövzu ilə bağlı siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib ki, İranda hicab qadağası ləğv olunmayıb:
"Nəzərə almaq lazımdır ki, İran konstitusiyasında hicabla bağlı maddə var. Hazırda bu qanun qüvvədədir. Yəni həm qadınların islama uyğun geyinməsi ilə bağlı qanun, həm də polisin onları kontrol etmə səlahiyyəti var.
Üstəlik, onların hər ikisi parlamentdən keçib. Sadəcə Prezident Məsud Pezeşkian bu qanunun icra olunmasına əngəl olub. Lakin hicab qadağasının ləğvindən söhbət getmir. Əksinə, hicab ideoloji olaraq İran rejiminin əsas vaz keçmədiyi məsələlərdən biridir".
Ekspert İrandakı hicab qanunundan danışıb:
"İran qanunlarına görə, qadınlar ümumi yerlərdə islami şəkildə hər yerlərini örtməlidirlər. Daha dəqiq desək, ətəkləri ayaqlarının biləklərinə, geyimləri isə qollarının biləklərinə qədər olmalı, habelə saçlarını örtməlidirlər. Bu qanunlara əməl etməyən qadınlara şallaq və zindan cəzası verilir.
Xüsusilə Mahmud Əhmədinejadın prezident olduğu dönəmdə bununla bağlı daha bir tələb parlamentdən keçdi. Beləliklə, İran polisi artıq xanımları yoxlaya və həbs edə bilirdi. Hətta pomadaya belə qarışırdılar".
Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, son dönəmlərdə keçirilən aksiyalar və bəzi qadınların ölməsi vəziyyəti bir qədər dəyişdi:
"Əslində, etirazların məqsədi hicaba qarşı olmaq deyil, geyim azadlığı tələb etməkdir. Yəni hər kəs istədiyi kimi geyinmə azadlığını müdafiə edirdi. Məsələ hicaba qarşı olmaq deyil. İstəyən hicab taxar, istəyən taxmaz. Qadınlar aksiyalarda sırf bunu tələb edirdilər.
Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra polislərin qadınları hicaba görə yoxlamasına qarşı çıxdı və sözügedən qanunun icrasını əngəllədi. Hətta o, insanların seçim haqlarına inandığını açıqladı. Bu isə İran hakimiyyətində heç görülməyən bir şeydir. Əlbəttə bu da çox böyük bir mesaj idi".
Məhsa Mehdili fikirlərini belə yekunlaşdırıb:
"Məhəmmədrza Bahonər də bu qanunun icra olunmasının lazım olmadığını deyir. Düzdür, bunlar önəmli addımlardır. Lakin hicab qanunun tam ləğvi çox çətin bir məsələdir. Deyilənlərin əksinə olaraq İranda hicab qadağası ləğv olunmayıb".
Pərviz