"Qərbin Gürcüstanda hakimiyyəti ələ keçirməyə cəhdi pisləməməsi baş verənlərə dolayı dəstək sayıla bilər".
HİT.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, son günlər Gürcüstanın daxili siyasi işlərinə səlahiyyəti olan heç bir təşkilat və ya dövlət bu ölkənin seçilmiş hökumətini devirmək cəhdlərini və ya Gürcüstanın prezident sarayına zorakılıqla basqın edilməsini pisləyən bəyanatlarla çıxış etməyib:
"Bundan başqa, Avropa İttifaqı, ATƏT/DTİHB və digər aktorlar bunun əksi barədə bəyanatlar veriblər. Təbii ki, hakimiyyətin devrilməsi cəhdindən və zorakılıqdan uzaqlaşmamaq, onu qınamamaq dolayısı ilə, lakin açıq şəkildə hakimiyyətin ələ keçirilməsinə və zorakılığa dəstək ifadəsi kimi şərh olunur".
Oktyabrın 5-də Gürcüstanın baş naziri müxalifət nümayəndələrini bələdiyyə seçkiləri günü ölkə daxilində “Maydan” keçirmək cəhdində ittiham edib. Daha sonra o, hakimiyyəti ələ keçirmək cəhdinin iflasa uğradığını qeyd edib.
Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib və bu seçkilərdə vətəndaşlar şəhər və bələdiyyə merlərini və şəhər şurasının üzvlərini seçiblər. Bunun fonunda müxalifətçilər Tiflisdə etiraz aksiyası keçiriblər, aksiya polislə toqquşmaya çevrilib, gözyaşardıcı qazdan istifadə edilib və insanlar yaralanıb. Mitinqə “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropaya inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.
Samir