Paşinyan nə üçün revanşistləri debata çağırır?

DÜNYA
10:37 / 09.10.2025
82

Son günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan sürpriz addımlar atır.

O, ölkənin sabiq prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanı debata çağırıb. Onların hazırda Paşinyana qarşı birləşməsi Baş naziri qəzəbləndirib. Üstəlik, Koçaryan partiyasının seçkilərdə iştirak edəcəyini də açıqlayıb. 

Maraqlıdır, Paşinyanın hazırda müxalifətdə olan keçmiş prezidentləri debata çağırmaqda məqsədi nədir? 

Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Paşinyan debatda məğlub olmayacağını bilir:

"Nikol Paşinyan çox yaxşı başa düşür ki, onlar debatda suallara cavab verə bilməyəcəklər. Ermənistanın keçmiş liderləri faktiki olaraq Paşinyana qarşı birləşiblər və birlikdə mübarizə aparmaq istəyirlər. Ancaq Paşinyan onların hər birini ayrı-ayrılıqda debata çağırır. Çünki debatda hər birini zəiflədə biləcəyini anlayır". 

Ekspert xatırladıb ki, Nikol Paşinyan daha əvvəl də bu üsuldan istifadə edib:

"O, bundan 2018-ci ildə dönəmin prezidenti Serj Sarkisyana qarşı istifadə etmişdi. Paşinyan məhz Sarkisyanla debatdan sonra hakimiyyətə gəlmişdi. Zamanında küçə etirazları və debatın ardından Paşinyan üçün hakimiyyət yolu açılmışdı.

Görünür, Baş nazir yenidən bu üsuldan istifadə etmək istəyir. Nəzərə almaq lazımdır ki, rəqibləri onun haqqında müxtəlif iddialar səsləndirirlər, amma açıq debatda həmin iddiaların bir çoxunu böyük ehtimalla, sübut edə bilməyəcəklər. Bu isə Paşinyanın əlinin güclənməsinə səbəb olacaq".

383636

Turab Rzayevin sözlərinə görə, Paşinyan rəqiblərinin seçki yolu ilə onun öhdəsindən gələ biləcəyini də düşünmür:

"Ümumiyyətlə, gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində bu cinayətkarların ciddi səs toplayacaqlarını zənn etmirəm. Çünki onlar təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda erməni xalqına qarşı da cinayətlər törədiblər. Ona görə də onların seçki ilə qalib gəlmə ehtimalları çox aşağıdır".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Paşinyan rəqiblərinə debat təklif etməklə onları siyasi mübarizəyə çağırır:

"Əks halda, onlar küçə etirazları, iğtişaşlar, hərbi təxribatlar və yaxud Rusiyanın müdaxiləsinin zəminini hazırlamaqla Paşinyan hakimiyyətinə qarşı təzyiq göstərə bilərlər. 
 
Əslində, Paşinyan onları debata çağırmaqla mübarizəni siyasi çərçivəyə salır. Ona aydındır ki, sözügedən şəxslərin siyasi çərçivədə qalib gəlmək şansları yoxdur". 

Pərviz

0