Özbəkistan vətəndaşı, 27 yaşlı Şerixon Osmanova özünü keçmiş müdafiə naziri Sergey Şoyqunun qardaşı qızı kimi təqdim edərək dələduzluqla məşğul olub.
HİT.az xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, bu məqsədlə o, rəsmi şəkildə soyadını dəyişdirib və pasportunda “Şeriya Şoyqu” kimi qeyd olunub.
Saxta Şoyqu zərərçəkənlərə ailəsinin guya özünə məxsus kriptobirjaya sahib olduğunu deyib. O, guya həmin birjaya 1,5 milyon rubl yatırdığını və yüksək gəlir əldə etdiyini iddia edib. Bu hekayələr o qədər inandırıcı səslənib ki, imkanlı moskvalılar ona böyük məbləğlər verərək “investisiya” etməyə başlayıblar.
Zərərçəkənlərin bir neçəsini təmsil edən vəkil Said Yarahmədov "RIA Novosti"yə bildirib ki, bəzi şəxslər dələduza 1 milyondan çox rubl veriblər. Onlar pullarını geri tələb etdikdə isə “Şoyqunun qardaşı qızı” izsiz yoxa çıxıb. Artıq polisə ilk müraciətlər təqdim olunub — həm saxta qardaşı qızı, həm də soyadını Şoyquya dəyişmiş ərinə qarşı.
Vəkilin qiymətləndirməsinə görə, cütlük qurbanlarını 100 milyon rubldan çox məbləğdə aldatmağa nail olub. Bu, yalnız indiyədək məlum olan zərərin məbləğidir. Dələduzların əldə etdiyi real qazancın daha böyük ola biləcəyi bildirilir, çünki müraciət edən zərərçəkənlərin sayı getdikcə artır.
Samir