Fransa ABŞ-ın təklif etdiyi Qəzza sülh planının bütün mərhələlərində iştirak etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında məlumat verib.
O qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi İsrail və Qəzza arasında sülh nizamlanmasına faydalı təsir göstərəcək:
"Onların azad edilməsi və bu səhər gözlənilən daha 13 girovun azad edilməsi ilə İsrail, Qəzza və bütün region üçün sülh mümkün olacaq. Fransa səfərbər etdiyi ərəb tərəfdaşları ilə birlikdə prezident Trampın planının bütün mərhələlərində iştirak edəcək".
Oktyabrın 13-də HƏMAS tərəfindən azad edilən yeddi israilli girovdan ibarət ilk qrup İsrailə gəlib. Gün ərzində ümumilikdə 20 canlı girovun azad ediləcəyi gözlənilir.
Bundan əvvəl HƏMAS bəyan etmişdi ki, İsrail üstün kəşfiyyatına və həddindən artıq hərbi gücünə baxmayaraq, hərbi təzyiq yolu ilə girovlarını azad edə bilməyib.
Oktyabrın 12-də İsrail Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində HƏMAS rəhbərliyi tərəfindən azad edilməli olan bütün qalan girovları dərhal qəbul etməyə hazır olduğunu bildirib.
Samir