"Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməməsi bir sıra amillərlə bağlıdır".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əslində Nobel Sülh Mükafatı ilə bağlı proses ötən ildən başlayaraq davam edir:
"Yəni bu il Nobel Sülh Mükafatını alacaq şəxsin müəyyənləşdirilməsi ilə bağlı proses ötən mükafatlandırmadan sonra başlayıb. Nəzərə alaq ki, Donald Tramp bu ilin 20 yanvar tarixində and içərək fəaliyyətə başlayıb. 20 yanvara qədər isə bu prosesin müəyyənləşdirilməsi istiqamətində addımlar atılması üçün xeyli vaxt keçmişdi. Üstəlik, bu proseslər başlayarkən hələ Trampın həqiqətən də ABŞ-nin növbəti prezidenti olacağı bilinmirdi".
Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gələn kimi müharibələri dayandırmadı:
"Düzdür, o, 8 müharibəni dayandırdığını deyir. Lakin real say o qədər deyil. Əsas məsələ həmin müharibələrin dayandırılmasının uzunmüddətli olub-olmayacağıdır. Ən azından, atəşkəsin özü uzunömürlü olacaqmı? Bu da bəlli deyil.
Düşünürəm ki, dayandırılan müharibələrdəki atəşkəs növbəti Nobel Sülh Mükafatının verilməsinə qədər davam edəcəksə, o halda gələn il Donald Trumpa bu mükafata layiq görülə bilər. Artıq bu, real ehtimaldır".
Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, Nobel Sülh Mükafatı hər zaman ədalətli şəkildə verilmir:
"Tramp həqiqətən də sülh istiqamətində uğurlu addımlar atsa belə bu, o demək deyil ki, mükafat mütləq şəkildə ona veriləcək. Bu baxımdan düşünürəm ki, burada da maraqlı qüvvələr var. Hansı ki, o qüvvələr bu prosesə təsir göstərmək imkanındadırlar".
Xəyal Bəşirov Nobel Sülh Mükafatının Venesuelanın demokratik hüquqlarını müdafiə etmək uğrunda apardığı mübarizəyə görə Milli Assambleyanın keçmiş üzvü Mariya Korina Maçadoya verilməsini də şərh edib:
"Əslində, Mariya Korina Maçadoya ABŞ lideri ilə eyni dəyərləri bölüşən bir şəxsdir. Yəni, burada belə tam şəkildə zidd bir addım atılmayıb. Hətta venesuelalı siyasətçi seçildikdən sonra mükafatı Trampa həsr etdiyini bildirdi. Bu isə o deməkdir ki, indiki mərhələdə Venesuela ilə bağlı ABŞ-nin və onun Prezidenti Donald Trampın özünün ciddi narahatlıqları var ki, onlar bu istiqamətdə addımlar atırlar.
Bəlkə də indiki mərhələdə onların gələcək planlarının reallaşdırılması və istəklərinə nail olunması üçün mükafatın Mariya Korina Maçadoya verilməsi onların özlərinin istəyinə uyğundur. Təbii ki, bunu zaman göstərəcək.
Düşünürəm ki, dayanan müharibələrdəki atəşkəslər uğurla davam etsə və Trampın sülh təşəbbüslərinin ardı gəlsə, 2026-cı ildə Nobel Sülh Mükafatı laureatı kimi Donald Trampın təbrik edilməsinin şahidi ola bilərik".
Pərviz