Bəziləri Bermud adalarında və ya Bahamalarda olub, oradakı məşhur çəhrayı qumlu çimərlikləri görə biliblər. Bu rəngli qum xırdalanmış dəniz canlılarının qabıqlarından yaranır. Əgər kiminsə yolçuluğu İsladiyaya düşübsə, orada vulkanik fəaliyyət nəticəsində yaranmış qara qumlu çimərlikləri də görmüş ola bilər. Lakin çəhrayı və qara qum kifayət qədər yayılmış təbii hadisələr hesab edilsə də, bənövşəyi qumlu çimərliklər həqiqətən nadir və unikal sayılır.
HİT.az "Daily Mail"ə istinadən xəbər verir ki, belə çimərliklərin yaranması üçün çox spesifik geoloji şərait tələb olunur və bu da onların nadirliyini izah edir.
Bənövşəyi qumlu çimərlikləri görmək üçün okeanın o tayına — əsasən Şimali Amerikaya — üz tutmaq lazımdır. Məsələn, ABŞ-ın Kaliforniya ştatındakı "Pfeiffer" çimərliyi bunun ən məşhur nümunələrindəndir.
Buradakı qum, yaxınlıqdakı qayalardan və təpələrdən yuyulub sahilə çökən bənövşəyi mineralların – xüsusilə də qranatın – digər qum növləri ilə qarışması nəticəsində əmələ gəlir. Qranat eroziyaya qarşı daha dayanıqlı olduğu üçün onun dənəcikləri çimərlikdə toplanaraq quma bənövşəyi ton verir.
Adi sarı-qəhvəyi qum əsasən kvarsdan ibarətdir. Bənövşəyi rəng isə qranatın tərkibindəki minerallar – xüsusilə almandin və pirop növləri – hesabına yaranır.
Belə çimərliklərdə qumun rəngi açıq lavanda çalarından tutmuş dərin bənövşəyədək dəyişə bilər. Bu, qranatın necə formalaşmasından və digər minerallarla qarışma dərəcəsindən asılıdır.
Kanadanın Saskaçevan əyalətində yerləşən "Purple Sands" (Bənövşəyi Qumlar) sahili də bu baxımdan məşhurdur. "Candle Lake" milli parkında yerləşən bu sahildə qum bir neçə rəngdə parlayır.
Alimlərin izahına görə, parlaq rənglər Kanada qalxanından gələn qranat minerallarının buzlaqlar vasitəsilə daşınıb gölün dayaz hissələrində çökməsi ilə əlaqədardır. Güclü küləklər və dalğalar qumu qarışdırdıqda bənövşəyi tonlar xüsusilə aydın görünür. Rəngin intensivliyi mövsümə görə dəyişə bilər.
Belə çimərliklərdə üzmək tamamilə təhlükəsiz sayılır – qranat mineralları insan sağlamlığına heç bir zərər vermir.
Samir