Rusiya-Ukrayna müharibəsi ilin sonuna kimi bitəcək?

DÜNYA
10:40 / 15.10.2025
49

"Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra müxtəlif regionlarda mövcud olan münaqişələrin həlli istiqamətində konkret addımlar atmağı bacardı". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Tramp bir çox münaqişənin sonlandırılması və ya ən azından dondurulmasına nail oldu:

"Etiraf etmək lazımdır ki, Trampın sülh çağırışları bir sıra hallarda təzyiq və təhdidə dayanan çağırışlardır. Biz bunu İsrail və HƏMAS arasında olan münaqişədə də gördük. Məsələn, ABŞ lideri HƏMAS-ın razılaşmadan boyun qaçıracağı halda, onların indiyə qədər görmədikləri cəhənnəmi yaşayacaqlarını dedi".

384051

Ekspert xatırladıb ki, ABŞ Prezidenti eyni şəkildə Rusiya-Ukrayna müharibəsində də təzyiq üsulundan istifadə etdi:

"Xüsusilə cari ilin əvvəlində Prezident Volodimir Zelenskiyə təzyiq göstərərək Ukraynanın mineral ehtiyatlarına çıxışı nəzərdə tutan sazişi imzaladı. Donald Tramp Rusiyanın hansısa istiqamətdə geri addım atmaq istəmədiyini və güzəşt mövqeyi sərgiləmədiyini gördükdən sonra Moskvaya qarşı da təzyiq ritorikasına keçdi. 

O, Avropa İttifaqının Ukraynaya dəstəyi davam etdirəcəyinə əmin olduqdan sonra artıq Rusiya ilə bağlı təzyiq siyasəti həyata keçirməyə başladı. Tramp administrasiyası Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini gündəmə gətirir, eləcə də Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə bağlı mövqe ortaya qoyur".

Politoloqun sözlərinə görə, Tramp təzyiq olmadan Rusiyanın güzəştə getməyə məcbur qalmayacağını başa düşür:

"Ona görə də maksimum şəkildə bu addımları atır. Əgər ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərsə və onlarla Rusiyanın dərinliklərinə zərbələr endirməklə bağlı icazə versə, habelə Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirsə, Kreml güzəştə getməyə məcbur qalacaq". 

Lakin Rəşad Bayramov hesab edir ki, Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitməyəcək:

"Çünki hələ ki, Rusiya tərəfinin döyüşmə imkanları, maliyyə qaynaqları və zorla da olsa orduya cəlb eləyə biləcəyi insanları var. Üstəlik, onlara həmişə dəstək üçün hərbçi göndərməyə hazır olan Şimali Koreyanı da unutmayaq. Bu səbəbdən sözügedən müharibənin tez bir zamanda bitmə ehtimalı azdır.

Müharibədən dayanması üçün Rusiyaya maksimum şəkildə təzyiq göstərilməlidir. Yəni sanksiyalarla onların ağır maliyyə durumuna düşməsi təmin olunmalıdır. Eyni zamanda, Ukraynanı yeni silah-sursatları sürətli şəkildə təmin edərək müharibəni Rusiya ərazisinə keçirmək lazımdır. Əgər bunlar baş versə, onda Rusiya tərəfi də müharibəni dayandırmağa məcbur olacaq. Ancaq bunun üçün zamana ehtiyac var".

Pərviz

0