"İran rejiminin hazırda Məsud Pezeşkiana ehtiyacı var".
Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Pezeşkian Tehran rejiminin ən çox küncə sıxışdığı dönəmdə istifadə etdiyi bir "kart" idi:
"İranda prezident seçkiləri ərəfəsində etirazlar pik həddə idi. Rejimin yanlış siyasətlərinin nəticəsində İranda yaşayan xalqlar - istər azərbaycanlılar, istər ərəblər, istər farslar, istərsə də digərləri öz bölgələrində etiraz edirdilər. Çünki ölkə ciddi iqtisadi böhran içərisində idi. Hətta islam inqilabından sonra ilk dəfə idi ki, molla rejimi bu qədər güc itirirdi".
Ekspert xatırladıb ki, ölkənin xarici siyasəti də iflas etmişdi:
"İranın bölgədəki proksi qüvvələri belə artıq təsirini itirməyə başlamışdı. Rejimin Yaxın Şərqdə uzun illərdir proksi qüvvələr vasitəsilə apardığı siyasət nəticə vermirdi və sarsılmışdı. Livanda, Yəməndə, İraqda və Suriyada əvvəlki mövqelərini qoruya bilmirdilər. Bu da rejimin xaricdəki təsirini azaldırdı. Üstəlik, nüvə silahı iddiasına görə Qərblə də əlaqələr yaxşı deyildi. Yəni rejimin ən çətin dönəmi idi".
Həmsöhbətimiz vurğulayıb ki, molla rejimi məhz belə bir məqamda Pezeşkiandan istifadə etdi:
"Nəzərə almaq lazımdır ki, İran toplumunda azərbaycanlılar çox böyük say təşkil edir. Pezeşkianın azərbaycanlı olması da İranın işinə yarayırdı. Onun həm keçmişdən bu günə qədər gələn müəyyən bir nüfuzu var idi, həm də təmiz keçmişə sahib idi. Sistem daxilindən biri olsa da, müəyyən bir kütlənin etibar qazanmışdı.
Düzdür, Pezeşkian heç zaman milli fəal olmayıb və ola da bilməz. Amma yenə də nisbi olaraq qəbul edilən siyasi fiqur idi. Molla rejimi də məhz bu faktorlarla görə ondan istifadə etdi. Beləliklə, Pezeşkian hakimiyyətə gəldikdən sonra həm qonşu dövlətlərlə, həm də daxildə daha yumşaq siyasət yürüdülməyə başlandı".
Lakin Məhsa Mehdili diqqətə çatdırıb ki, Məsud Pezeşkianın hansısa səlahiyyəti yoxdur:
"İranın siyasi sistemində Prezidentin səlahiyyəti yoxdur. Prezident sadəcə bir vitrin fiqurudur. O, nə daxili, nə də xarici siyasəti o müəyyən edir. Siyasətləri təyin edən sadəcə ali dini liderdir. Prezident yalnız bu siyasətləri icra edən bir şəxsdir, yəni ən üst məqam olmadığı üçün sərhədləri keçə bilməz. Doğrudur, Pezeşkian bəzi cəsarətli addımlar atır, lakin səlahiyyəti məhduddur. Çünki dini lider nə deyirsə, o olmalıdır".
Siyasi şərhçi onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, Pezeşkian İran rejimi tərəfindən sevilmir:
"Molla rejimi Məsud Pezeşkianı sevmir. Sadəcə ona ehtiyacları var. Son vaxtlar fikir ayrılıqları da bununla bağlıdır. İndiki mərhələdə onun simasında yumşaq üzlü prezidentə ehtiyac duyurlar. Lakin rejimin əsas ideologiyası və hədəfləri dəyişməyib. Yəni İran hakimiyyəti Pezeşkianı sevməsə də, indiki mərhələdə ondan istifadə etməyə məcbur olduqlarını bilirlər".
Pərviz