Rusiya Donbasın məhv edilməsinə diqqətini yönəldərkən, ölkənin Uzaq Şərq regionunu itirmək riski ilə üz-üzədir.
HİT.az-ın məlumatına görə, Ukrayna Xarici Kəşfiyyat Xidməti bildirir ki, Çin və Şimali Koreya bu ərazidə öz mövqelərini sürətlə möhkəmləndirirlər.
Məlumata görə, Rusiya getdikcə daha çox Ukraynaya qarşı müharibədə müttəfiqlərinə “öz torpaqları ilə hesablaşır”. Moskva ölkənin ən iri regionu – Uzaq Şərq Federal Dairəsini inkişaf etdirmək üçün resurslara malik olmadığından, bu ərazi xarici ekspansiyaya açıq vəziyyətə gətirilib.
Məlumata əsasən, 2025-ci ilin yekunlarına görə, Çinin bu regiona yatırdığı investisiyaların həcmi bir trilyon rublu (təxminən 12 milyard dolları) ötə bilər. Lakin bu sərmayələrin əksəriyyəti ticarət sahəsinə yönəlib, infrastruktur layihələri isə nəzərdə tutulmayıb.
Demoqrafik baxımdan da Çin Uzaq Şərqdə təsirini genişləndirir. Qurumun məlumatına görə, Vladivostokdan Uraladək olan ərazilərdə təxminən 2 milyon çinli yaşayır və bu göstərici artmaqda davam edir. Müqayisə üçün qeyd olunur ki, həmin ərazilərdə rusların sayı 30–37 milyon arasında dəyişir. Çinlilərin köçünü bu bölgədə yaradılmış xüsusi iqtisadi zonalar üzrə güzəştlər və iki ölkə arasında tətbiq edilən vizasız rejim asanlaşdırır. “Bu şəkildə elə anklavlar formalaşır ki, orada ruslar demək olar, işləmirlər”, deyə Ukrayna kəşfiyyatı bildirir.
Şimali Koreyanın ekspansiyası daha kiçik miqyasda olsa da, fərqli xarakter daşıyır. Rus şirkətləri indi fəal şəkildə Şimali Koreyadan işçi qüvvəsi cəlb edirlər, çünki onlara minimum əməkhaqqı ödənilir və bu məbləğin böyük hissəsi birbaşa koreya hökumətinə çatır. Son bir il ərzində Uzaq Şərqə 15 minə yaxın şimali koreyalı fəhlə göndərilib, amma bu sayın 50 minə qədər artdığı ehtimal edilir. Ukrayna kəşfiyyatına görə, rus şirkətləri artıq Pxenyandan əlavə 153 min işçi sifariş ediblər.
“Beləliklə, iki nüvə dövləti eyni anda üçüncü ölkənin ərazisində mövqelərini gücləndirir: Çin iqtisadi asılılıq yaradır, KXDR isə əmək resursları üzərində nəzarəti ələ alır. Hər iki ölkə öz problemlərini Rusiyanın hesabına həll edir”, deyə Ukrayna Xarici Kəşfiyyat Xidməti qeyd edir.
Samir