Ukrayna Rusiya ərazisinə demək olar ki, bütün zərbələri öz məhvetmə vasitələri ilə endirir.
HİT.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq İqtisadi Forumu zamanı Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O, bu gün Ukraynanın Rusiyaya hansı silahlarla zərbələr endirdiyi barədə suala cavab olaraq bildirib: "Bu vasitələrin 99%-i bizimdir".
Budanov etiraf edib ki, əvvəlki illərdə ukraynalılar partnyorların silahlarına güvənəndə onun istifadəsinə qoyulan məhdudiyyətlər səbəbindən bir əli bağlı döyüşməli olublar.
"Bu, o zaman baş verənlərin düzgün şərhidir. Amma indi bizim öz istehsalımız var. Bəli, biz həmişə daha çox istəyirik. İstəyirik ki, gücümüzdən və resurslarımızdan istədiyimiz kimi istifadə edək. Bu da öz nəticəsini verir", deyə Budanov bildirib.
Bundan əvvəl Volqoqrad vilayətində energetika infrastrukturuna pilotsuz təyyarənin hücumu barədə məlumat yayılmışdı. Yerli hakimiyyət orqanları PUA-nın zərbəsi nəticəsində zədələnmiş yarımstansiyaya bitişik yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.
"Bloomberg" jurnalistləri qeyd edirlər ki, Ukraynanın Rusiyanın neft infrastruktur obyektlərinə hücumları səbəbindən Rusiya neft emalının həcmini ən azı gələn ilin ortalarına qədər məhdudlaşdıracaq. Amma “yeni məlumatlar” alınarsa, proqnoza yenidən baxıla bilər.
Samir