Tramp Rusiya-Ukrayna müharibəsini niyə dayandıra bilmir? - SƏBƏB

DÜNYA
10:04 / 17.10.2025
45

"ABŞ Prezidenti Donald Tramp hər dəfə 8 müharibəni bitirdiyini deyir. Əslində, bu ifadə tamamilə yanlışdır". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O, fikirlərini belə əsaslandırıb:

"Tramp hələlik birmənalı şəkildə hansısa münaqişəni və yaxud müharibəni bitirməyib. Düzdür, onun vasitəçiliyilə Vaşinqtonda Azərbaycan Ermənistan liderləri arasında görüş keçirildi. Həmin görüşdə tərəflər arasında sülh sazişi paraflandı və yekun sülh müqaviləsinin indi imzalanma məsələsinə dair danışıqlar aparılır. Yəni hələ ki, bitirməyə ən yaxın olduğu münaqişə məhz Azərbaycan-Ermənistan münaqişəsidir".

Ekspert digər nümunələrdən də danışıb:

"Məsələn, Tramp Pakistanla Hindistan arasındakı müharibəni bitirdiyini deyir. Həqiqətən də tərəflər arasındakı gərginliyin başa çatmasında ABŞ-nin rolu oldu. Ancaq ortada real bir müharibə yox idi. Bu, kiçik çaplı bir gərginlik idi. Nəticədə bu gərginlik vasitəçiliklə səngidi. Üstəlik, ortada konkret bir sülh də yoxdur. 

Ümumiyyətlə, Pakistan-Hindistan gərginliyi dövri olaraq alovlanır və sönür. Yəni Amerika müdaxilə etməsəydi də, bu münaqişə səngiyəcəkdi. Eyni sözləri İran-İsrail və digər gərginliklərlə bağlı da demək olar. Yəni Donald Tramp konkret olaraq hansısa münaqişəni bitirməyib".  

384206

Politoloq ABŞ liderinin Rusiya-Ukrayna müharibəsi bitirə bilməməsinin səbəblərindən də bəhs edib:

"Ümumiyyətlə böyük dövlətlərin yanaşması belədir: əgər tərəflər danışıqlara gedib ortaq məxrəcə gələ bilirlərsə, onlar da son anda prosesə qoşulub özlərini sülhün bir parçası kimi göstərirlər. Bugünkü Rusiya-Ukrayna münaqişəsinin bitməməsinin əsas səbəbi isə tərəflərin hər ikisinin maksimalist mövqeyidir.  

Şübhəsiz ki, burada işğala məruz qalanla işğal edən eyni səviyyəyə qoyula bilməz. Bu, heç bir halda doğru deyil. Rusiya işğalçıdır. Ancaq müharibənin uzandığı da reallıqdır. Müharibənin uzanmasının ən böyük səbəblərindən biri Rusiyanın maksimalist mövqeyi, Ukraynanın isə reallıqlara sığmayan istəkləridir. Bu da sülhə mane olur".

Turan Rzayev vurğulayıb ki, Trampın tarixə düşmək kimi bir hədəfi var:

"O, bunu yalnız bir sülh sazişi ilə edə bilər. Bu da hal-hazırda ən yaxın olan Azərbaycan-Ermənistan münaqişəsidir. Lakin bu Rusiya-Ukrayna müharibəsi kimi qlobal müharibə deyil. Ona görə də Tramp Rusiya-Ukrayna müharibəsini də bitirərək tarixə düşmək istəyir".

Pərviz

0