Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək və orada uzaqmənzilli "Tomahawk" raketlərinin mümkün tədarükü məsələsini müzakirə etməyi planlaşdırır. Amma Trampın gözlənilmədən Vladimir Putinlə yeni sammit barədə açıqlaması bu planları kölgədə qoyub.
HİT.az xəbər verir ki, bunu "Reuters" yazır.
Cümə axşamı Tramp deyib ki, o, "məhsuldar" adlandırdığı iki saatlıq telefon danışığından sonra Rusiya lideri ilə yaxın iki həftə ərzində Budapeştdə görüşə bilər: "Mən bütün həyatım boyu sövdələşmələr etdim. Düşünürəm ki, biz bu müqaviləni bağlayacağıq".
ABŞ prezidenti cümə günü Zelenskiyə Kremllə danışıqlar barədə məlumat verəcəyini vəd edib. Lakin onun barışdırıcı tonu Vaşinqtonun Kiyevə silah təhvil verilməsini ləngitməklə Moskvaya güzəştə gedə biləcəyi ilə bağlı Avropada narahatlıq yaradıb.
Analitiklər hesab edirlər ki, Kreml gecikdirmə taktikasını təkrarlamağa çalışır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Maks Berqman deyib: "Putin raketlərin Ukraynaya ötürülməsini gecikdirməyə çalışır. Bu, klassik gecikmə diplomatiyasıdır".
Ukraynalı hərbi analitik Mikola Beleskov da oxşar fikirdədir: "Tomahawk" Rusiyanı bir zərbə ilə sındırmayacaq, əksinə, daimi təzyiq yaradaraq onun hərbi-sənaye kompleksini məhv edəcək".
Trampın bəyanatına cavab verən Zelenski vurğulayıb ki, Kreml ancaq real təhlükə gördüyü zaman reaksiya verir.
Putinlə söhbətindən sonra Tramp deyib ki, ABŞ Ukraynaya hərbi yardımın mümkünlüyünə eyham vuraraq, öz raket ehtiyatlarını tükəndirə bilməz. "Bizim də onlara ehtiyacımız var. Biz bütün "Tomahawk"larımızı verə bilmərik", deyə o, bu silahı "məşhur" adlandırıb.
Avropalı müttəfiqlər qorxurlar ki, Tramp və Putin arasında Budapeştdə keçiriləcək yeni sammit Alyaska ssenarisini təkrarlaya bilər – nəticəsiz, lakin Kremlə fayda verən səs-küylü bəyanatlar.
Samir