Putinin Budapeştə səfəri atəşkəsə səbəb olarsa, faydalı olar - Fransanın XİN rəhbəri

DÜNYA
17:40 / 20.10.2025
65

Kreml lideri Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün Budapeştə səfəri Ukraynada heç bir şərt olmadan atəşkəsə imkan verərsə faydalı olacaq.

HİT.az xəbər verir ki, bunu bazar ertəsi Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

"Gəlin açıq deyək, Vladimir Putinin Avropa İttifaqının ərazisində olması o zaman məna kəsb edəcək ki, bu, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq. Üstəlik, vaxt onun əleyhinə olduğu üçün dərhal atəşkəsə razılaşmaq Putinin xeyrinədir", deyə fransalı nazir bildirib.

Barrot əlavə edib ki, yaxın həftələrdə Aİ Ukraynanı dondurulmuş Rusiya aktivlərindən təzminat krediti hesabına ən azı üç il müddətinə müdafiə qabiliyyəti ilə təmin edəcək: "Bu kredit Ukraynaya özünü müdafiə üçün silahlarla, xüsusən də Avropa silahları ilə təmin etməyə imkan verəcək".

Barrotun sözlərinə görə, Aİ-yə üzv ölkələr Rusiyanın kölgə donanmasına təzyiq göstərməyə davam edəcək və Putin rejiminə qarşı sanksiyaları dərinləşdirəcək: "Sanksiyalar ilk növbədə Rusiyanın enerji infrastrukturuna və neft emalı sektorunun əsas oyunçularına yönəlib. Mən ilk növbədə "Rosneft" və "Qazpromneft"i nəzərdə tuturam. Bu gün mən də təklif edəcəyəm ki, 20-ci sanksiyalar paketi Rusiyaya birbaşa və ya dolayı yolla hərbi dəstək verməyə davam edən qüvvələrə və dövlətlərə qarşı yönələcək".

Samir

0