Zelenski nə üçün Trampdan istədiyini ala bilmədi? - ŞOK SƏBƏBLƏR

DÜNYA
10:10 / 21.10.2025
57

"ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Tomahavk" raketlərini verməməsinin və Volodimir Zelenskinin istəklərinə çata bilməməsinin bir sıra səbəbi var". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Trampın əsas məqsədi Ukraynaya dəstək göstərmək deyil:

"O, Rusiya-Ukrayna müharibəsini dayandırmaq, ən azından atəşkəsə nail olmaq və daha sonra özünün digər hədəflərinə çatmaq istəyir. Ona görə də Tramp hakimiyyətə gələn kimi Zelenskiyə özünün əsas məqsədi olan qiymətli metallarla bağlı sənədi imzalatdırdı. Artıq Ukrayna mövzusu Donald Tramp üçün o qədər əhəmiyyət kəsb etmir".

384444

Ekspertin sözlərinə görə, Tramp sadəcə Rusiya-Ukrayna müharibəsini dayandırıb digər mövzulara fokuslanmaq istəyir:

"Əslində, Tramp Yaxın Şərq mövzusundan əvvəl Rusiya-Ukrayna mövzusunu həll etmək istəyirdi, amma alınmadı. Lakin digər bir məqamı da nəzərə almaq lazımdır. Hazırda ABŞ-də hökumətin fəaliyyətinin maliyyələşdirilməsi prosesi dayandırılıb. 

Artıq 20 gündür ki, büdcə qanunu qəbul edilə bilmir. Çünki respublikaçılarla demokratlar arasında büdcə qanunun qəbul edilməsi məsələsində razılıq əldə etmək mümkün olmur. Faktiki olaraq, ABŞ-də hökumətin fəaliyyəti dayandırılıb və bütün əməkdaşlar öz hesablarından məzuniyyətə göndərilib".

Politoloq diqqətə çatdırıb ki, ABŞ-də büdcədən ayrılmalar dayandırıldığına və büdcə qanunu qəbul edilə bilmədiyinə görə Ukraynaya yardım edilməsi də real görünmürdü:

"Düzdür, "Tomahavk" raketlərinin Ukraynaya verilməsi barədə vədlər verilirdi, amma indiki vəziyyətdə bunun reallaşdırılması qeyri-mümkün idi. Bu baxımdan, Tramp yardımı dayandırmaqla Ukraynanı masaya oturtmaq məcburiyyətdə qoymaq istəyir. O, həmçinin Rusiyaya da müxtəlif istiqamətlərdə təsir göstərməklə masaya oturtmaq və bu yolla özünün o sülh yaratma fəaliyyətini genişləndirməyi hədəfləyir".

Lakin Xəyal Bəşirov vurğulayıb ki, Rusiya-Ukrayna mövzusu da kifayət qədər mürəkkəb məsələdir:

"Burada qısa müddət ərzində hər hansı bir uğur əldə etmək o qədər də real görünmür. Gah Rusiya tərəfi, gah da Ukrayna tərəfi şərtlər iləri sürür. Xüsusən də Rusiya son zamanlar əlavə ərazilərdən bağlı şərt iləri sülüb, hansı ki, bu şərtlər Ukrayna tərəfindən, Avropa tərəfindən o cümlədən də qəbul edilmir. Ona görə düşünürəm ki, Zelenskinin Trampdan istədiyini ala bilməməsinin əsas səbəbi məhz bu amillərlə bağlıdır".

Pərviz

0