Böyük Britaniyada nüvə sualtı qayıqlarının texniki xidməti ilə bağlı ciddi problemlər yaranıb. Hazırda ölkə 10 ədəd sualtı qayığından yalnız ikisinə etibar edə bilir. Bu vəziyyət donanmanın əməliyyat imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Hit.az xəbər verir ki, bu barədə “Militarnıy” portalı yazır.
General ser Qvin Cenkinsonun qərarı ilə donanma daxilində texniki xidmət sistemindəki ləngimələrin aradan qaldırılması məqsədilə 100 günlük təcili proqram başladılıb.
Nəşrin məlumatına görə, Böyük Britaniya donanmasının tərkibində beş çoxməqsədli “Astute” tipli və dörd ballistik raket daşıyan “Vanguard” tipli sualtı qayıq mövcuddur. Bu qayıqlar ölkənin nüvə caydırıcılığını təmin edir və Şimal ilə Atlantik okeanlarında patrul xidmətləri aparır.
Lakin faktiki olaraq on qayıqdan yalnız ikisi döyüşə hazır vəziyyətdədir: biri “Astute” tipli “HMS Anson”, digəri isə adı açıqlanmayan bir “Vanguard” tipli nüvə sualtı gəmisidir.
Ən uzun müddət fəaliyyətsiz qalan gəmi “Astute” tipli “HMS Ambush”dur — o, artıq 1175 gündür ki, dənizə çıxmır. Seriyanın əsas gəmisi “HMS Astute” isə təxminən 111 gündür dayanma vəziyyətindədir.
Donanmanın hazırkı vəziyyəti, əsasən, texniki xidmət müddətlərinin həddindən artıq uzun olmasından irəli gəlir. Mövcud infrastruktur artıq sayda sualtı qayıqların saxlanılması üçün kifayət etmir, həmçinin təmir üçün ixtisaslı texniki personal çatışmazlığı var.
“Vanguard” tipli gəmilərin vəziyyəti də qənaətbəxş deyil. Dəqiq məlumat açıqlanmasa da, son aylarda bu tipdən olan bir sualtı qayığın 204 günlük dəniz xidməti bitdikdən sonra geri dönməsi donanmadakı yüklənmənin miqyasını göstərib. Normal patrul müddəti adətən 3–6 ay təşkil edir.
Ən problemli təmir işlərindən biri “HMS Vanguard” gəmisinə aiddir — o, Devənport bazasında yeddi ildən çoxdur texniki xidmət gözləyir. Bu vəziyyət Britaniya parlamentində “qəbuledilməz” kimi qiymətləndirilib. Eyni taleyi 2023-cü ilin sentyabrında modernizasiya üçün eyni zavoda göndərilən “HMS Victorious” da yaşaya bilər. Onun təmiri 5–7 il çəkə bilər.
Hazırda Kral Donanması vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görür. Xüsusilə “EUSTON” proqramı çərçivəsində Fasleyn bazasında yeni üzən quru dokların alınması, eləcə də Devənport bazasının “SWIF” (Submarine Workforce and Infrastructure Future) proqramı üzrə infrastrukturunun genişləndirilməsi planlaşdırılır.
Bundan başqa, donanmanın fəaliyyətini ləngidən bürokratik və təşkilati problemlərin də aradan qaldırılması istiqamətində işlər aparılır. Britaniya hərbi dəniz qüvvələrinin milli müdafiə doktrinasına uyğun səviyyədə fəaliyyət göstərə bilməməsi hazırda hökumətin əsas narahatlıq mövzusuna çevrilib.
Samir