Ukraynaya 25 "Patriot" kompleksinin çatdırılması 2030-cu ilə qədər çəkə bilərmi?

DÜNYA
13:10 / 21.10.2025
54

Ukraynaya 25 “Patriot” zenit-raket kompleksi (HHM) ən tezi 2030-cu ilə qədər çatdırıla bilər. 

Hit.az xəbər verir ki, bu barədə aviasiya eksperti, Dövlət Aviasiya Muzeyinin aparıcı elmi əməkdaşı Valeriy Romanenko “Suspilne” telekanalına müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, dünyada “Patriot” sistemlərinin istehsalı çox məhduddur – ildə təxminən 10-15 ədəd. İstehsalçılar dəqiq rəqəmləri açıqlamasa da, bu komplekslərin baha və mürəkkəb quruluşa malik olduğu məlumdur.

“Bu sistemlər çox bahalı və texnoloji cəhətdən mürəkkəbdir. Bundan əlavə, onların sifariş növbəsi əvvəldən var idi, lakin o qədər də böyük deyildi ki, istehsalın genişləndirilməsinə ehtiyac yaratsın”, deyə Romanenko qeyd edib.

Romanenkonun sözlərinə görə, Ukraynanın bu sistemləri daha tez əldə etməsinin digər bir yolu ABŞ ordusunun anbarlarından olan kompleksləri almaqdır.

“Nəzəri baxımdan belə bir yol var. Bu halda biz onları təxminən iki ilə əldə edə bilərdik. Amma həmin komplekslər hazırda istehsal olunanlar qədər effektiv olmazdı. İndi buraxılan sistemlər təkmilləşdirilib və hətta "PAC-3" modelindəki bəzi çatışmazlıqlar aradan qaldırılıb”, ekspert bildirib.

O, əlavə edib ki, əvvəlki “PAC-3” modellərində radar yalnız 90 dərəcə bucaq altında, yəni sektoral şəkildə işləyirdi:

“Əgər iki raket fərqli istiqamətlərdən uçurdusa, kompleks yalnız birini izləyə bilirdi. İndi isə radar sistemi tam yenilənib və 360 dərəcəlik müşahidə imkanına malikdir".

Ekspert vurğulayıb ki, əgər Ukrayna yeni buraxılan “Patriot” komplekslərini gözləsə, çatdırılma prosesi çox yavaş olacaq.

“Bu sistemləri biz təkcə istəmirik. ABŞ prezidenti belə kommersiya şirkətlərinə digər sifarişçilərə satışa qadağa qoya bilməz. Çünki çoxsaylı davam edən müqavilələr mövcuddur”, deyə Romanenko deyib.

O da əlavə edib ki, ABŞ ordusunun anbarlarında yalnız “PAC-2” kompleksləri mövcuddur. Bu sistemlər ballistik raketləri məhv edə bilir, lakin raketlə birbaşa toqquşma nəticəsində döyüş başlığını havada partlatmaq qabiliyyətinə malik deyil.

“Belə hallarda hədəf raket tam vurulmur, sadəcə zərbə nəticəsində istiqamətini itirir və düşdüyü ərazidə partlayır”, deyə o izah edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski 25 “Patriot” sisteminin alınması üçün müqavilə hazırlıqlarının başladığını açıqlamışdı. Dövlət başçısı bu prosesi “uzunmüddətli bir hekayə” adlandırıb.

Samir
 

0