ABŞ döyüş gəmisi tikdi, amma heç vaxt istifadə etmədi: Nə baş verdi?

DÜNYA
14:24 / 21.10.2025
44

1940-cı ildə ABŞ-da “Ayova” sinifinə aid beşinci linkor – “USS Illinois” adlı döyüş gəmisi layihələndirilib. İki il sonra onun tikintisinə başlanılsa da, gəmi heç vaxt donanmada istifadə olunmayıb.

Hit.az xəbər verir ki, bu sinifə daxil olan dörd əvvəlki nəhəng gəmi – “USS Missouri”, “New Jersey”, “Wisconsin” və “Iowa” – ağır zirehləri ilə ideal linkorlar kimi layihələndirilib. Bu barədə “Slash Gear” resursu məlumat verir.

Yaponiyanın 1941-ci ilin dekabrında Perl-Harboru bombalamasından bir il sonra və ABŞ-ın müharibəyə qoşulmasının ardınca “Ayova” sinifinin beşinci və altıncı gəmilərinin tikintisinə start verilib. Lakin həmin dövrdə dəniz döyüşlərinin gələcəyinin artıq aviadaşıyıcılara məxsus olduğu aydınlaşıb.

“1942-ci ilin iyununda baş verən Midvey döyüşündə ABŞ-ın "Yorktown", "Hornet" və "Enterprise" aviadaşıyıcıları dörd yapon aviadaşıyıcısını – "Hiryu", "Kaga", "Soryu" və "Akagi"ni məhv etdilər. Bu, həlledici qələbə idi və göstərdi ki, İkinci dünya müharibəsində üstün qüvvə artıq aviadaşıyıcılar olacaq. Bu səbəbdən "Illinois" tikilsə belə, istifadəyə verilmədi, çünki taktika dəyişdi və aviadaşıyıcılar ön plana çıxdı”, deyə məqalədə qeyd olunur.

O dövrün hadisələri göstərdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri diqqətini linkorlardan çox aviadaşıyıcılara yönəltməlidir. Linkorlar güclü atəş gücünə malik olsalar da, aviadaşıyıcılar taktiki çeviklik baxımından daha üstün idi. Nəticədə altı “Ayova” sinifli gəmi ABŞ donanmasının tələblərinə artıq cavab vermirdi.

“USS Illinois”in dəyərini yalnız təxminən 15 ildən sonra qismən kompensasiya etmək mümkün oldu – gəmi sökülərək metal kimi utilizasiya edilib.

“USS Iowa”, “New Jersey”, “Wisconsin” və “Missouri” isə müxtəlif dövrlərdə xidmətdə qaldı və yalnız 1990-cı illərin əvvəllərində istismardan çıxarılıb. Bu gün həmin gəmilər muzey eksponatları kimi saxlanılır.

ABŞ hazırda linkorlardan istifadə etmir, lakin onlar ölkənin hərbi tarixində xüsusi yer tutur. Bu gəmilər dünyanın ən güclü və texnoloji cəhətdən qabaqcıl döyüş gəmilərindən hesab olunur. Məsələn, “USS Iowa”nın su tutumu təxminən 57 500 ton idi, heyəti 1900 nəfərdən çox idi və o, çoxsaylı ağır artilleriya ilə silahlanmışdı.

Bütün bu ölçülərə baxmayaraq, “Ayova” sinifli gəmilər yavaş deyildi. “USS New Jersey” 1968-ci ildə sınaqlar zamanı saatda 40 mildən çox sürətlə hərəkət edərək Ginnesin Rekordlar Kitabına “dünyanın ən sürətli linkoru” kimi düşüb. “Iowa” həm İkinci dünya, həm Koreya müharibəsində iştirak edib və 1980-ci illərdə yenidən xidmətə qaytarılıb.

Ekspertlərin fikrincə, “Illinois” tamamlanmış olsaydı, o da digər “Ayova” sinifli gəmilər kimi bu gün muzey gəmisinə çevriləcəkdi.

Teorik olaraq bu linkorların bəzilərinin yenidən istismara qaytarılması mümkün sayılsa da, yüksək xərclər və logistik çətinliklər bu ehtimalı demək olar ki, mümkünsüz edir.

Samir

0