"Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində Tufan Ərhurmanın qələbəsi böyük ölçüdə nəyisə dəyişmir".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Ərhurmanın hər nə qədər Türkiyədə hakim partiyaya müxalif olan Cumhuriyyət Xalq Partiyası (CHP) ilə yaxşı münasibətləri var:
"Həmçinin, uzun müddət Şimali Kiprdə federasiya tərəfdarı olaraq çıxış edib. Lakin o, türkdür. Türk olaraq ilk növbədə onun qarşısında dayanan vəzifə Kiprdə türklərin hüquqlarının, maraqlarının təmin olunmasından ibarət olacaq. Ərhurmanın prezident seçilərkən ilk verdiyi bəyanat da deyilənləri sübut edir. Çünki onun ilk bəyanatı Şimali Kiprin bütün xarici siyasətini Türkiyə ilə razılaşdırılmış şəkildə həyata keçiriləcəyi oldu".
Ekspert qeyd edib ki, bir partiya, hərəkat və yaxud da bir şəxs müxalifətdə olanda müxtəlif bəyanatlarla çıxış edə bilir:
"Amma artıq hakimiyyətdə olan bir fiqur olduqdan sonra o məsuliyyət yükü, ölkənin taleyi və eləcə də dövlətin ayaqda durması üçün lazım olan xarici dəstək önəmli faktor. Yəni bugünləri Şimali Kipr Türk Cümhuriyyətinin ayaqda durmasının da, o dövlətin hüquqlarının müdafiətçisi də, onların Türk Dövlətləri Təşkilatında (TDT) iştirakını təmin edən də faktik olaraq Türkiyədir. O baxımdan da biz Tufan Ərhrumandan Türkiyə əleyhinə hansısa addımları gözləməməliyik".
Onun sözlərinə görə, gözləntilər əsasən daxili məsələlərlə və daxili qərarlarla bağlı ola bilər:
"Ərhurman əvvəlki hakimiyyətdən fərqli daxili siyasət yürüdə bilər. Lakin onun xarici siyasətdə və beynəlxalq arenada Ərsin Tatardan fərqli mövqe ortaya qoyacağı inandırıcı deyil. Çünki Şimali Kipr Türk Cümhuriyyəti tanınmayan bir ölkədir.
Bu ölkənin vətəndaşları məhz türk pasportu ilə Türkiyə vasitəsilə xarici ölkələrə gedib-gələ bilirlər. Bütün bunların fonunda Tufan Ərhurmanın dönəmində Şimali Kipr Türk Cümhuriyyətində hansısa köklü dəyişiklərin baş verəcəyini proqnozlaşdırmıram".
Pərviz