Avropa Parlamenti (AP) Belqradın Rusiyaya qarşı sanksiyaları olmadan Serbiyanın Avropa İttifaqına (Aİ) daxil olmasının qarşısının alınmasını nəzərdə tutan qətnamənin lehinə səs verib.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" AP səsvermənin nəticələrinə istinadən məlumat yayıb.
İştirak edən 632 deputatdan 457-si qətnamənin lehinə, 103-ü əleyhinə, 72-si isə bitərəf qalıb.
“Serbiyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar yalnız əsas sahələrdə, xüsusən də Aİ-nin təhlükəsizlik siyasəti və Rusiyaya qarşı sanksiyalarda davamlı irəliləyiş əsasında irəliləməlidir”, deyə bəyanatda qeyd edilir.
Ötən həftə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən Avropa İttifaqına üzv ola bilməyəcəyini bəyan edib.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç bəyan etmişdi ki, Belqradın Moskvaya qarşı sanksiyalar tətbiq etmək istəməməsi ölkənin Aİ-yə üzvlüyü istiqamətində irəliləyişinə mane olan və nəticədə Avropaya inteqrasiya prosesini ləngidən əsas amildir.
Samir


