"Rusiya strateji məqsədlərlə qarabaşaq yığımı aparır".
HİT.az xəbər verir ki, bu barədə məlumatı "UNIAN"a açıqlamasında Beynəlxalq Qarabaşaq Assosiasiyasının icraçı direktoru Sergey Qromoviy verib.
Onun sözlərinə görə, SSRİ-də 1970-ci illərdə, ABŞ-la Soyuq müharibə dövründə, mümkün nüvə hücumu ssenarilərinə hazırlaşmaq məqsədilə qarabaşaq ehtiyatları yaradılmağa başlanıb.
Qromoviy bildirib ki, o dövrdə sovet alimləri radioaktiv çirklənmə şəraitində yetişdirilə və istehlak oluna biləcək məhsulları müəyyən etmək üçün qapalı tədqiqatlar aparıblar.
"Elmi araşdırmalar göstərib ki, qarabaşaq — mutasiyalardan sonra tez bərpa olunan, radionuklidləri toplamayan və istehlaka yararlı yeganə bitkidir", deyə ekspert qeyd edib.
Bu təcrübələr KQB-nin birbaşa nəzarəti altında aparılıb. Qromoviy bildirib ki, həmin nəticələrə əsaslanaraq, Rusiya bu gün də mümkün nüvə müharibəsinə hazırlıq məqsədilə strateji qarabaşaq ehtiyatları saxlayır. Bu anbarların bir hissəsi Taymır yarımadasındakı daimi donuşluq zonasında yerləşir.
Ekspert vurğulayıb ki, bu məlumat ona sovet dövründə tədqiqatlarda iştirak etmiş şəxslər tərəfindən verilib və o, bunu şəxsi fərziyyə kimi irəli sürmür.
Qeyd edilir ki, son 10 ildə Rusiya qarabaşaq bazarında əsas rəqiblərini — o cümlədən Ukraynanı — sıxışdıraraq faktiki olaraq dünya bazarında monopol mövqe qazanıb.
"2016-cı ilə qədər üç əsas ixracatçı ölkə var idi: Rusiya, Çin və Ukrayna. Rusiya və Çin ildə təxminən bir milyon ton qarabaşaq istehsal edirdilər, Ukrayna isə 300 min ton. 2014–2015-ci illərdə Rusiya aqressiv qiymət siyasəti ilə əvvəlcə bizi, sonra da Çin bazarını sıxışdırdı", deyə Qromoviy əlavə edib.
Hazırda Çin qarabaşaqda Moskvadan asılı vəziyyətə düşüb və artıq idxalçı ölkəyə çevrilib. Ukrayna isə ildə təxminən 5 min ton məhsul ixrac edir. Dünyada ümumilikdə 24 ölkə qarabaşaq becərir.
Bu il Rusiyada 2000-ci illərin əvvəllərindən bəri ən zəif qarabaşaq məhsulu proqnozlaşdırılır. Fermerlər əkilən sahələrin üçdə birini azaldıblar, xüsusilə də ümumi məhsulun yarıdan çoxunun toplanıldığı Altay diyarında yığım işləri xeyli gecikir.
Bununla yanaşı, işğalçı ölkə Ukraynadan oğurladığı taxılı xarici bazarlarda satmaqdan çəkinmir və bu məqsədlə Ukrayna liman infrastrukturundan istifadə etməyə çalışır. Xəbərlərə görə, rusiyalılar Berdyansk limanını öz məqsədlərinə uyğun şəkildə işə salmağa cəhd göstərir, bu prosesdə onlara yerli satqınlar kömək edir.
Samir